Sabahdan sürücülərin utilizasiya haqqı ödəmələri ilə bağlı qərar qüvvəyə minəcək. Avtomobillərin texniki baxışı zamanı sürücülər istehsal tarixi 10 ili keçmiş avtomobillər üçün dövlət rüsumu ilə yanaşı, utilizasiya haqqı da ödəyəcəklər.
Nazirlər Kabineti “Nəqliyyat vasitələrinin utilizasiya haqqının məbləği”ni və “Utilizasiyaya verilən nəqliyyat vasitəsi üçün tətbiq edilən güzəştin məbləği və birdəfəlik ödənişin həcmi”ni təsdiqləyib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Bu Qərara 1 nömrəli əlavənin 2-ci hissəsində müəyyən edilən utilizasiya haqları traktorlar, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Nazirlər Kabinetinin 2008-ci il 14 avqust tarixli Qərarı ilə müəyyən edilən mexaniki nəqliyyat vasitələri üçün 2024-cü il fevralın 1-dən iki il müddətinə 50% tətbiq edilir.
Bu Qərarın 1-ci və 3-cü hissələri 2024-cü il fevralın 1-dən, 2-ci hissəsi 2024-cü il sentyabrın 1-dən qüvvəyə minir.
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev məbləğin gözlənilən olduğunu vurğulayıb:
“Utilizasiya haqqının məbləği gözlənilməz olmadı, elə bu həcmdə təxmin edilirdi. Təbii ki, burada avtomobilin dəyəri və onun ümumi vəziyyəti nəzərə alınmır. Avtomobili təşkil edən hissələr emala gedəcək. Əsas tonnajı rol oynayır.
Avtomobilin hissələri təkrar emala getdiyi zamanı orada çeşidlənərək ayrılacaq. Məsələn, metalların əridilməsi tonnajın çox olduğu zaman daha faydalı olacaq. Əsas üstünlük yük maşınları, kənd təsərrüfatı texnikalarına, yəni traktora veriləcək. Ödənişin daha böyük hissəsi onlara ediləcək”.
Ekspert qeyd edib ki, utilizasiya prosesində digər xərclər də yaranır:
“Avtomobili təşkil edən bəzi hissələri ayırmaq, çeşidləmək xeyli zaman alır. Bəziləri heç bir işə yaramır. Metal hissələri işə yarayacaq. Məsələn, onun təkərləri, boyası var. Boyadan təmizləmək prosesi var. Bunlar hamısı əlavə xərc tələb edir.
Burada əsas məqsəd vətəndaşda maraq yaratmaqdır ki, istifadəyə yararsız olan avtomobilini küçəyə atmasın, gətirib təhvil versin, müəyyən məbləğdə pul alsın. Sırf maraq oyatmaq üçündür.
Vətəndaşların atdığı avtomobillər korroziyaya uğrayır, radiasiya yaradır. Atıldığı yerləri də məşğul edir. Təbiətə mənfi təsirləri çoxdur. Odur ki, utilizasiyaya cəlb edilməsi daha məqsədəuyğundur”.
Nəzrin Vahid
Rəylər