Laçında güclü sel Həkəri çayı üzərindəki qədim körpünü uçurub.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.
Baş vermiş hadisə ilə bağlı Bakı Abadlıq Xidmətinə sorğu ünvanladıq.
Qurumun İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Lalə Əliyeva Oxu.Az-ın sorğusuna cavab olaraq faktı təsdiqləyib.
O qeyd edib ki, son günlər leysanla bağlı Həkəri çayı üzərindəki qədim körpünün çökməsi təbii fəlakətin nəticəsi kimi dəyərləndirilir:
"Həkəri çayı yatağından çıxmasa da, öz gücünü göstərir. El arasında "Padşah körpüsü" adlanan həmin o körpü uzun illər mövcud olub. Özəl bir funksiyası yoxdur. Yalnız girişdə estetik mənzərəni tamamlayan elementdir.
Onu da diqqətinizə çatdırım ki, Həkəri üzərindən salınan digər üzən körpünün də təhlükəsizliyi nəzərə alınaraq qaldırılıb. Yaz-yay aylarında Azərbaycanın ən gur çaylarından olan Həkəridə suyun tənzimlənməsi ilə bağlı əlaqədar qurumlar rəy verdikdən sonra körpülər həmin rəyə uyğun bərpa olunacaq", - deyə L.Əliyeva vurğulayıb.
Həkəri çayı üzərindəki qədim körpünü sel dağıdıb - AÇIQLAMA
Əzizə İsmayılova
Rəylər