İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Xidmətlər Zərfinin yenilənməsi məqsədilə ictimai müzakirələrə başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.
Belə ki, icbari tibbi sığortanın təminat verdiyi invaziv kardioloji və kardiocərrahi xidmətlərin optimallaşdırılması məqsədilə təşkil edilən iki ictimai müzakirədə Azərbaycan Kardiologiya Cəmiyyətinin, Pediatrik Kardiologiya və Revmatologiya İctimai Birliyinin, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədr, müavin və üzvləri, Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) səlahiyyətli invaziv kardioloqları və ürək-damar cərrahları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bildirib ki, ictimai müzakirələrin əhəmiyyəti, yalnız mütəxəssislərin fikirlərini dinləməklə bitmir:
"Bu, eyni zamanda, cəmiyyətin tələblərini, gözləntilərini və fikirlərini öyrənmək, tibbi xidmətləri daha əlçatan və effektiv etmək üçün bir platformadır. Təminata alınan tibbi xidmətlərin çeşidinin artırılması və tənzimlənməsi vətəndaşlarımızın rifahına müsbət təsir göstərəcək".
Tibbi xidmətlər və dərman vasitələri departamentinin rəhbəri Nərgiz Ağayeva bildirib ki, ürək-damar xəstəlikləri dünyada ən çox yayılan xəstəliklər statistikasında ilk üçlüyə daxildir. Göstəriciləri nəzərə alaraq, invaziv kardiologiya və kardiocərrahi əməliyyatlar ürək-damar xəstəliklərinin effektiv müalicəsi üçün vacibdir.
Onun sözlərinə görə, xidmətlərin artırılması, səhiyyədə müasir və təsirli müalicə metodlarından istifadəyə də imkan yaradacaq:
"Bu xidmətlərin artırılması əhalinin ümumi sağlamlıq vəziyyətinin yaxşılaşmasına xidmət edir. Artan xidmətlərin çeşidi hər kəsin tibbi yardıma əlçatanlığını təmin edir. İnvaziv müdaxilələr erkən mərhələdə problemlərin daha dəqiq aşkarlanması və müalicəsi üçün zəmin yaradır. Məqsədimiz yenilənəcək Xidmətlər Zərfində invaziv kardiologiya və kardiocərrahi xidmətlərlə bağlı mütəxəssislərin rəy və təkliflərini nəzərə almaqla tibbi xidmətlərin vətəndaşlar üçün əlçatan olmasını təmin etməkdir. Hər bir yeni xidmət, müasir tibbi standartlara cavab verməklə yanaşı, vətəndaşların həyat keyfiyyətini artırmağı da hədəfləyir".
Tibbi xidmətlərin tənzimlənməsi və texniki qaydaları şöbəsinin müdiri Səlim Hüseynzadə təklif olunan dəyişikliklərlə bağlı təqdimatla çıxış edib. Qeyd olunub ki, hazırda icbari tibbi sığorta ilə tibbi xidmətlər (XBT-9) Xəstəliklərin Beynəlxalq Təsnifatının 9-cu baxışı (Proseduraların Təsnifatı) üzərindən tənzimlənərək göstərilir. Proqram təminatında bu kodlar tətbiq edildiyi üçün dəyişikliklər mövcud XBT-9 kodları üzərindən olunub. O, bəzi invaziv radioloji xidmətlərin göstərilməsi zamanı istifadə olunan xüsusi tibbi sərfiyyatın xidmətə nəzərən nizamlanmasını qeyd edib. Bura beyin və ürək arteriyalarına implantasiya edilən stentlər, dərman ifraz edən və ya etməyən koronar və periferik stentlər, trombolitik maddələr (tromb əridən preparatlar) daxildir.
Təklif edilən dəyişikliklərdə ürək çatışmazlığı, qəfil ürək dayanması, beyin infarktı, böyrək çatışmazlığı, portal hipertenziya ilə bağlı Xidmətlər Zərfində mövcud olan bir sıra tibbi xidmətlərin çeşidinin artırılması da nəzərdə tutulur. Bura beyin və boyun anevrizmalarının endovaskulyar embolizasiyası, qan damarının sintetik qreftlə bərpası, ürək damarlarında aparılan digər əməliyyatlar, intraabdominal venoz şuntlama, hemodializ üçün arteriovenoz şuntlamanın reviziyası və başqa xidmətlər aiddir.
Bundan başqa, hazırlanan yeni Xidmətlər Zərfində tibbi xidmətlərin adı daha izahlı və ətraflı yazılıb. Məsələn, ürək cihazlarının implantasiyası ilə bağlı xidmətlərdə elektrokardiostimulyatorun növləri, əməliyyata daxil olan prosedurların təfərrüatlı ifadəsi, trombolizis terapiyası zamanı istifadə olunan fibrinolitik maddələrin adları qeyd olunub.
Tibbi yardımın maya dəyərinin hesablanması xidmətinin rəhbəri Orxan Qənbərov xidmətlər üzrə tariflərin hesablanması üçün qiymətə təsir edən xüsusi tibbi sərfiyyat və tibbi ləvazimatların siyahısını tərtib etməyi təklif edib. Həmçinin gələcək illərdə baza tariflərlə yanaşı yaş, cins və digər amilləri nəzərə alan risk əsaslı əmsalların tətbiqinin mümkünlüyünü qeyd edib.
Həkimlər bu barədə təkliflərini yazılı formada təqdim edəcəklərini bildiriblər.
Müzakirələrdə Nərgiz Ağayeva yeni xidmətlərin əhatə dairəsini, onların təfərrüatlarını və istifadəsi qaydalarını ətraflı şəkildə izah edib. Hər bir xidmətin təminata alınmasının məqsədi, üstünlükləri və tətbiq sahələri barədə dolğun məlumat verib və həkimlərin suallarını cavablandırıb.
Qeyd edək ki, analoji müzakirələrin, həmçinin neyrocərrahiyyə, travmatologiya, oftalmologiya və digər xidmətlərə dair aparılması da nəzərdə tutulub.
Rəylər