Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Körpələrin ölümündə 25 ilin rekordu - səbəb nədir?
"Uşaq 6 aya qədər ana südü ilə qidalanmalıdır, amma müşahidə edirik ki..."
Azərbaycanda ötən il həyatını itirən bir yaşınadək uşaqların sayında rekord qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumata görə, 2023-cü ildə bir yaşınadək ölən uşaqların sayı 2 039 nəfəri təşkil edib ki, bu da son 25 ilin ən yüksək göstəricisi hesab olunur.
Onların 1 146 nəfərini oğlan, 893 nəfərini isə qız uşaqları təşkil edib.
2023-cü ildə ölkə üzrə bir yaşınadək həyatını itirən uşaqların sayı 2022-ci ilə nisbətən iki dəfədən çox artıb. Belə ki, 2022-ci ildə bir yaşadək həyatını itirən uşaqların sayı 959 olub.
Ümumilikdə 2039 nəfər uşağın əksəriyyəti, 63 faizi (1287) perinatal dövrdə meydana çıxan hallar səbəbindən həyatını itirib.
Statistikaya əsasən, ən az uşaq travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin nəticələrinə görə həyatını itirib, bura 17 nəfər daxildir.
Tənəffüs sistemi xəstəlikləri səbəbindən 187 uşaq həyatını itirib, bu səbəbdən həyatını itirən uşaqların maksimum göstəricisi 2000-ci ildə 979 nəfəri təşkil edib.
Eyni zamanda bir yaşına çatmayan 136 uşaq anadangəlmə anomaliyalardan (inkişaf qüsurları, deformasiyalar və xromosom pozuntuları), 47 uşaq bəzi infeksion və parazitar xəstəlik səbəbindən, 88 uşaq sinir sistemi xəstəliklərindən, 18 uşaq həzm sistemi xəstəliklərindən, 259 körpə isə digər səbəblərdən həyatını itirib.
Bəs bir yaşadək körpələri xəstəliklərdən qorumaq niyə mümkün olmur? Səbəblər obyektivdirmi?
Mövzu ilə bağlı pediatr həkim Vaqif Qarayev "Yeni Müsavat"a danışıb:
"Bütün dünyada keyfiyyətsiz səhiyyə xidmətinin ən birinci göstəricisi ana və uşaq ölümüdür. Harada bu göstərici aşağıdırsa, demək ki, orada səhiyyə xidməti yaxşıdır.
Bir yaşadək körpələrin ölümü ilə bağlı qeyd olunan səbəblər isə hər zaman var. Yəni uşaq həyatının ilkin, perinatal dövrü var, həmin vaxt orqanda sistemlər lazımi olan səviyyədə işləyə bilmir, ən əsası xəstəliyə çox həssas və meyilli olurlar.
Bəli, bir yaşadək tənəffüs və mədə-bağırsaq sistemi həddindən artıq xəstəliyə meyillidir, müqavimət aşağı olduğuna görə. Ona görə də ölüm səbəbləri arasında bu iki sistemin xəstəlikləri birinci yeri bölüşür. Özü də təkcə Azərbaycanda deyil, bütün dünyada belədir.
O ki qaldı bu məsələdə oğlan uşaqlarının sayının çoxluq təşkil etməsinə, bu ona görədir ki, doğulan oğlan uşaqlarının sayı çoxdur. Bəzən el arasında belə bir fikir səslənir ki, qız uşaqları oğlan uşaqlarına nisbətən müqaviməti daha çox olur, aktivdirlər və sairə, bu baxımdan qız uşaqları arasında ölüm sayı azdır. Amma qeyd edim ki, bunun tibbi izahı yoxdur. Yəni uşaq uşaqdır, onun oğlan və yaxud qız olması fərq etmir".
Vaqif Qarayev bir yaşadək uşaq ölümlərinin səbəbləri arasında inkişaf qüsurları, deformasiyalar və xromosom pozuntularının da yer almasından danışıb:
"Məlum olduğu kimi, bir müddət əvvəl ölkəmizdə qohum evlilikləri qadağan olundu. Şəxsən mən bu qərardan çox sevindim və təqdir etdim. Ciddi təbabət də göstərir ki, qohum evliliklərindən xəstə uşaqlar dünyaya gəlir və biz buna ətrafımızda tez-tez rast gəlirik. Bəzən müşahidə edirik ki, ailədə olan bütün uşaqlar intellektual baxımdan geri qalırlar, psixoloji vəziyyətlərində problemlər var. Və yaxud elə ailələr var ki, qohum evliliyin nəticəsi kimi konkret irsi xəstəlikdən əziyyət çəkirlər. Əlbəttə, təbabət heç vaxt qadağan edə bilməz ki, yaxın qohumlar evlənməsin, lakin bu cür evlilklərin fəsadlarını ortaya qoyur.
Azərbaycanda nikaha daxil olmaq istəyən şəxslər tibbi müayinədən keçirlər. Lakin hesab edirəm ki, evlənməyə hazırlaşan cütlüklər həm də genetik müayinədən də keçsinlər. Doğrudur, bu müayinə bahadır, amma dünyaya sağlam övlad gətirmək üçün zəruridir. Genetik xəstəliklər ucbatından uşağın qüsurlu, əlil doğulması da valideyn üçün ömür boyu əzablı olur. Mədə-bağırsaq və bu kimi xəstəlikləri aradan qaldırmaq olur, amma genetik xəstəliklərin öhdəsindən gəlmək mümkün deyil. Çünki bu, genetikadır, onu da dəyişmək olmur.
Çox təəssüf ki, cəmiyyətimizdə çox az sayda ana öz yeniyetmə, gənc qızını yanına salıb, klinikaya müayinələrə aparır. Çünki analar "kənardan nə deyərlər, elə bilərlər qızım xəstədir" düşüncəsindən qorxurlar.
Eləcə də, valideynlər yeniyetmə, gənc oğlanları müayinədən keçirməyə çəkinirlər. Halbuki son vaxtlar kişi sonsuzluğu xeyli artıb. Amma yenə də cütlüklər uşaq sahibi olmayanda əksər hallarda bunun günahını qadında görməyə çalışır, kişini isə müayinədən keçirməyi düşünmürlər".
Vaqif Qarayev, həmçinin qeyd edib ki, son vaxtlar uşaqların ana südü ilə deyil, daha çox süni qidalarla qidalanması da bu məsələyə öz təsirini göstərir:
"Ana südünün tərkibində xəstəliklərə qarşı müqaviməti artıran kifayət qədər inqrediyent var. Körpə uşaqlar ən azı 6 aya qədər ana südü ilə qidalanmalıdırlar. Amma müşahidə edirik ki, övladlarını ana südü ilə qidalandıran anaların sayı getdikcə azalır. Bəzən bunun səbəbini həkimlərdə görürlər ki, həkimlər xəstəxanada olarkən anaya hansısa süni qidanı məsləhət görürlər. Bəli, doğrudur, belə hallar olur, amma elə gənc analar var ki, onların özləri övladlarına ana südü verməkdə maraqlı olmurlar. Məsələn, gənc ana mənə zəng edib deyir ki, "övladım bir neçə gün öncə dünyaya gəlib, ona hansı süni qida verim?" Soruşuram ki, "ana südü var?", cavab verir ki "bəli, var", "bəs onda niyə ana südü vermirsən?" - deyə soruşuram, cavab vermir. Bu bizim bəlamızdır. Bəzən də cavab verirlər ki, "formamı saxlamaq istəyirəm". Amma həmin gənc analar anlamırlar ki, onların "forması", gözəlliyi övladları ilə bağlı olmalıdır.
Daha bir məsələ, yay aylarında körpə uşağı mədə-bağırsaq infeksiyasından xilas etmək üçün gigiyenik qaydalara ciddi riayət edilməsidir. Bəzən görürük ki, küçədə hansısa südəmər körpənin əlində nəsə var. Uşaq onu və yaxud əlini ağzına aparanda, əlbəttə ki, infeksiyaya yoluxacaq.
Ümumiyyətlə, gigiyenik qaydalar, düzgün qidalanma hər şeydən öndə gəlməli, riayət olunmalıdır".
"Bəs körpə uşaqlar arasında sinir sistemi xəstəlikləri niyə artıb?" - sualına isə pediatr həkim bu cür cavab verib:
"Xüsusən bölgələrdə əksər hamilə qadınlar hamiləlik dövründə bəzən bir dəfə də olsun poliklinikaya müraciət etmirlər. Yəni vaxtında gedib müayinə olunmaq lazımdır. Əvvəllər bunu əsas gətirirdilər ki, həkimlər müayinəyə görə çox pul istəyirlər, amma indi icbari sığorta ilə pulsuz müayinələrdən keçmək mümkündür. Amma nədənsə onlar müayinəyə getmək istəmirlər və hamiləlik dövründə hansısa problem olanda körpədə fəsadlar ya doğuş zamanı, ya da doğuşdan sonra üzə çıxmağa başlayır".
"Dövlət Statistika Komitəsi" teqi üzrə xəbərlər
- İcra başçısı təyin edilən aparat rəhbərinin vəzifəsi kimə tapşırıldı?
- Azad edilmiş ərazilərdə yüksək əməkhaqqının verildiyi şəhərlər
- Valideynsiz şəxslərə ödənilən birdəfəlik müavinət məbləğinin artırılması son oxunuşda təsdiqlənib
- Deputat: "Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır"
- Ana ölümlərində bloqerlərin "əməyi": "Qadın doğuşa yaxın ginekoloq axtarır"
Rəylər