Təhsil müəssisəsi ilə valideynlər arasında şagirdlərin nizam-intizam qaydalarına riayət etməsi ilə bağlı müqavilənin bağlanması məqsədə uyğun deyil.
Bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsindən "Report"un sorğusuna cavab olaraq bildiriblər.
Qeyd edək ki, "Report"a müraciət edən vətəndaş Xırdalan şəhər 1 nömrəli məktəbin şagirdlərin valideynlərinə nizam-intizamla bağlı müqavilə imzalamağı təklif etdiyini deyib.
Valideynlərə təklif olunan müqavilə tipi redaksiyaya təqdim olunub.
İmzalanmaq üçün göndərilən sənəddə, həmçinin deyilir ki, "övladımın dərsə davamiyyətsizliyi və məktəbin nizam-intizam qaydalarına riayət etməməsi halı baş verərsə, bir valideyn olaraq məktəb rəhbərliyi və pedaqoji şuranın iclasının qərarını qəbul edəcək və etiraz etməyəcəyəm".
Bu məsələ ilə bağlı Təhsil idarəsindən bildiriblər ki, məktəbin idarəolunmasında, şagirdlərin nizam-intizam qaydalarına riayət etməsi ilə bağlı proseslərdə valideynlərin aktiv iştirakının artırılması tədris prosesinin daha səmərəli təşkilində mühüm rol oynasa da, valideynlə əlavə müqavilənin bağlanması ilə bağlı təşəbbüsə İdarə tərəfindən müsbət yanaşılmır və bu təcrübənin aradan qaldırılması tapşırığı verilib:
"Ümumi təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə müvafiq olaraq, valideynlərin vəzifələri qanunla müəyyənləşdirilib. Digər vəzifələrlə yanaşı, bu vəzifələr arasında təhsilalanın təhsildən yayındırılmaması, ümumi təhsil müəssisəsinin daxili nizam-intizamına riayət edilməsi və digər mühüm məsələlər yer alır. Qeyd edirik ki, qanunla tənzimlənən bu cür məsələlərdə müəssisə və valideynlər arasında əlavə olaraq müqavilənin bağlanması uyğun deyil" - deyə İdarənin açıqlamasında bildirilir.
Rəylər