Ötən gecə Bakıda yağan güclü yağış nəticəsində Mərdəkan tuneli də tamamilə su altında qalıb. Tuneldən keçmək mümkün olmayıb və sürücülər böyük çətinliklərlə üzləşiblər.
Oxu.Az xəbər verir ki, hadisə yerinə çəkilmiş videogörüntüdə tunelin içərisinin tamamilə su ilə dolduğu və suyun səviyyəsinin avtomobillərin yarısına qədər qalxdığı müşahidə edilir.
Hətta videoda "Hyundai" markalı sərnişin avtobusunun da batdığı görünür.
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ötən gecə "Bağırov körpüsü"ndə suyun çəkilməsi ilə bağlı işlər görülüb.
"Bundan əlavə Mərdəkan tunelini də koordinasiyalı şəkildə təmizlənməsi təmin olunub. Digər ərazilərdə isə hazırda Azərbaycan Avtomobil Yolları Agentliyi və Dövlət Su Ehtiyatları Agentliyi lazımi işləri görürlər",- deyə məlumatda bildirilir.
Qeyd edək ki, hava şəraiti ilə əlaqədar sürücülərdən xüsusilə diqqətli olmaq, yağış zamanı yavaş və ehtiyatla hərəkət etmək, mümkün qədər şəxsi avtomobillərdən istifadə etməmək tövsiyə olunur.
Əzizə İsmayılova