Günəşdə alışmalar hesabına oktyabrın 4-5-də Yerdə geomaqnit qasırğası gözlənilir.
Oxu.Az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.
Kafedradan verilən xəbərə görə, Günəş aktivliyinin orta-yüksək səviyyədə qalacağı, müəyyən ehtimalla M sinif (radiodalğaların yayılmasını zəif əngəlləyə bilən), eləcə də izolə olunmuş X (güclü) sinif alışmaların olacağı proqnozlaşdırılır. Tac dəliklərindən çıxan yüksəksürətli axınların təsiri nəticəsində geoaktivlik və Günəş küləyi parametrləri yüksək səviyyədə olacaq.
Oktyabrın 4-də gecə saatlarından başlayaraq səhər 8 radələrinədək G2 (orta) səviyyəli qasırğa gözlənilir. Sonradan geomaqnit sahə fon səviyyəsinə enəcək. Həmin gün axşam saat 21:00-dan etibarən G2 (orta), gecə saat 01:00-dan başlayaraq oktyabrın 5-də saat 09:00-dək G1 (mülayim) səviyyəli geomaqnit qasırğasının olacağı proqnozlaşdırılır.
Rəylər