Pirallahı qəsəbəsinin sakinləri uzun müddətdir ki, Cəfər Cabbarlı küçəsinin abadlaşdırılmasını və asfaltlanmasını gözləyirlər. Xüsusilə də 7-ci evin önündəki yolun vəziyyəti sakinləri ciddi narahat edir.
Sakinlər Oxu.Az-a bildiriblər ki, dəfələrlə Pirallahı Rayon İcra Hakimiyyətinə müraciət etsələr də, problem hələ də öz həllini tapmayıb. İcra Hakimiyyətinin nümayəndələri əraziyə baxış keçirərək yolun tezliklə asfaltlanacağına söz versələr də, heç bir iş görülməyib.
Şikayətdə qeyd olunub ki, Rayon İcra Hakimiyyətinin nümayəndələri əraziyə baxış keçirib ən qısa zamanda ərazinin asfaltlanacağına söz versələr də, hələ ki heç bir addım atan yoxdur.
Şikayətlə bağlı Pirallahı Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, sözügedən yol tədbirlər planına daxil edilib.
"Qısa müddət ərzində asfalt örtüyünün döşənməsi işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 9 saylı Yol İstismarı MMC tərəfindən həyata keçiriləcək.
Əhalini narahat edən problemlər tərəfimizdən daim diqqət mərkəzində saxlanılır və icrası növbəlilik prinsipinə uyğun həyata keçirilir".
Qeyd edək ki, sözügedən problemi avqust ayında işıqlandırmışdıq.
Əzizə İsmayılova
Rəylər