- Buralarda bir məscid olmalıdır...
- Şah Abbas məscidini deyirsiniz, yəqin. O döngədən aşağı gedin, düz qarşınıza çıxacaq.
Bu kiçik dialoqu Tovuz rayonunun Yanıqlı kəndinin azyaşlı sakini ilə aparmışdıq. Yolu azdığımızdan avtomobili saxlayıb, xəritə ilə yeri müəyyənləşdirməyə çalışırdıq. O da yəqin ki, maşının seriya nömrəsindən bura adamı olmadığımızı anlayıb, özü bizə yaxınlaşmış, köməyini təklif etmişdi.
Uşağın mehribanlığından ürəyim isinmişdi. Ətrafa boylandım. Dağlarla əhatələnən və yaşıllıqlar içində olan bu qədim kənd yüzillər boyu nə qədər ağrı-acıdan keçib, bu günlərə çatıb. Elə şəhərin oykonimi bunun bariz nümunəsidir. Yerli sakinlərin sözlərinə görə, kəndin yerində vaxtilə Xavər Zəmin adlı şəhər olub. Lakin XIII əsrdə monqol istilası zamanı şəhər tamamilə yandırılıb. O vaxtdan buranın adı Yanıqlı qalıb.
Babəkin ərəb xilafətinə qarşı müqavimətindən tutmuş monqolların istilasına qədər dəfələrlə qanlı döyüşlər, qarşıdurmalar görmüş kənd bu gün həm də memarlıq abidələri ilə, o cümlədən Şah Abbas məscidi ilə də tanınır. Bu ibadət ocağı Səfəvilər dövlətinin hökmdarı I Şah Abbasın öz dövlətinin ərazisində tikdirdiyi 999 məsciddən biridir. Rəvayətə görə, bura vaxtilə karvan yolunun üzərində yerləşib, məscid də səyyahların ibadəti üçün inşa edilib. Kitabəsi günümüzə gəlib çatmasa da, memarlıq üslubu və tikilmə vaxtına görə bu məscidin 17-ci əsrdə memar Şeyx Bəhaəddin Amili tərəfindən inşa edildiyi düşünülür.
Elə səfərimizin məqsədi də qədim kənddəki "Böyük Abbasın" əmanətini görmək həvəsi idi. Əlbəttə, oranın artıq məscid kimi fəaliyyət göstərmədiyini bilirdim, amma əsrlərin izinə toxunmaq arzusu qəribə qürur və həyəcan hissi verirdi.
Lakin bu sevinc gözləntisi uzun çəkmədi. Uşağın göstərdiyi yolla gedib Şah Abbas məscidinə çatdıq.
Qırmızı kərpicdən inşa edilən qədim memarlıq abidəsi qarşımda idi. Amma necə?.. Əsrlərlə yol gələn məscid sanki son bir əsrdə insanların etibarsızlığından küsmüş şəkildə qanqallar və alaq otları arasından boylanırdı...
Araşdırdığım məlumatda deyilirdi ki, bina ötən əsrin 30-cu illərindən sonra anbar kimi istifadə edilib. Təqribən 1960-cı illərdə çat yaransa da, təmir işləri 20 il sonra, özü də qeyri-peşəkarlar tərəfindən aparılıb. Ancaq yenə bu vəziyyətdə görəcəyimi düşünmürdüm.
Tikanlar, gicitkanlar əlimi-ayağımı dalasa da, birtəhər binaya yaxınlaşa bildim. Burada gördüyüm mənzərə isə daha dəhşətli idi: Günbəz çökmüş, məscidin içində təpəcik yaratmışdı. Üzərində zərif naxışlar olan qapı bir kənara atılmışdı. Ancaq oradan içəri keçmək qeyri-mümkün idi.
Divar boyu hərəkət edəndə pillələr gördüm. Hər an daşların arasından ilan çıxa biləcəyi qorxusu olsa da, maraq üstün gəldi, yuxarı çıxdım.
Vaxtilə gözəlliyi, möhtəşəmliyi ilə ad çıxaran ibadət ocağından ancaq dörd divar qalmışdı. Uçqunun arasından özünə yol taparaq yetişən əncir ağacı isə sanki qol-budaqları ilə damı əvəz etmək, uçqunu gecikdirmək istəyirdi...
Məscidin şimal-qərb tərəfindəki otaqdan müəzzinin dama çıxıb azan verməsi üçün pillələr var.
Oradan düşüb, başqa bir girişdən içəri keçdim. Qaranlıq, kvadrat formalı otaq idi. Divarda vaxtilə ehtimal ki, şkaf rolunu oynayan boşluqlar, yuxarıda isə tağ-tavan nəzərə çarpır.
Otaqdan çıxmaq istəyərkən isə gözüm divarların birində "Allahım, məni bağışla!" yazısına sataşdı. Müəllifin bunu buraya nə vaxt, nə məqsədlə yazdığını bilmirəm, ancaq mən də ürəyimdə bütün insanlığımız adından əmanətə sahib çıxa bilmədiyimiz üçün, səhlənkarlığımız üçün bağışlanmaq istədim...
Yeri gəlmişkən, qədim memarlıq abidəsinin şimal-qərb hissəsində quyu var. Deyilənə görə, yüz illərlə ibadət ocağına yol yoldaşı olmuş və dərinliyi 10 metr olan bu quyu bu gün də istifadəyə yararlıdır.
Təəssüflə binaya baxdım. Yarıuçuq tikilinin böyük memarlıq abidəsindən bir parça olduğunu təsəvvür etmək çətin idi. Belə başa düşdüm ki, tarixi abidəyə məsul olan qurumlar da ümumiyyətlə bura barədə bütün nişanələri silmək istəyirlər. Çünki binanın heç yerində məscid barədə lövhə yoxdur.
Gələndə içimdə dolub-daşan fərəhdən artıq heç nə qalmamışdı. Kədərlə oradan uzaqlaşdım. Ot-alaq içində qalan bina yenə boynubükük qalmışdı. Burada anladım: Əslində o qanqallar, tikanlar biz insanların bacarmadığını edir: "Şah Abbası taxtda, Nadiri qundaqda görən" əsrlərin yadigarına sahib çıxır, onu etibarsız insanlardan uzaq saxlayır...
Onu da bildirim ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı"nda Şah Abbas məscidi 382 inventar nömrəsi ilə qeydiyyata alınıb.
P.S.: Maraqlıdır, buldozer çağırıb, həmin tikilini söküb yerində özümə ev tikmək istəsəm, ortaya neçə dövlət orqanı çıxıb tarixi abidəni dağıtdığıma görə protokol tərtib edər?
Emilya Tağıyeva
Rəylər