2024-cü il sentyabrın 1-də keçiriləcək Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə vətəndaşların səsvermə hüquqlarının daha səmərəli təmin edilməsi üçün "ASAN xidmət" mərkəzlərində mütərəqqi və effektiv bir vasitənin tətbiqi davam etdirilir.
Oxu.Az xəbər verir ki, İnnovativ həll Mərkəzi Seçki Komissiyası və "ASAN xidmət"in birgə layihəsi çərçivəsində həyata keçirilir.
Vətəndaşlar Mərkəzlərdə olan "ASAN növbə" terminallarındakı "Seçici statusunu yoxla" adlı funksional bölmədə şəxsiyyət vəsiqələrini oxudaraq öz adlarını seçici siyahılarında yoxlaya, habelə aid olduqları seçki dairəsi və məntəqəsini müəyyənləşdirə bilərlər.
Məlumatlar sistemdə əks olunmadığı təqdirdə, açılan yeni ekranda əlaqə məlumatları daxil edilməklə yerindəcə Mərkəzi Seçki Komissiyasına müraciət etmək imkanı da təmin olunur.
Gün ərzində "ASAN xidmət"ə 40000-ə yaxın vətəndaş müraciəti daxil olur və vətəndaşlarımız növbə götürərkən eyni vaxtda bu sistemdən istifadə etməklə harada səs verməli olduqlarını operativ şəkildə dəqiqləşdirə bilərlər.
Rəylər