Bəzi bölgələrdə yağan leysan xarakterli yağışlar nəticəsində Pirsaat çayı öz məcrasından çıxıb və Hacıqabul rayonu ərazisindən sel keçib.
Nəticədə rayonda 500-dən artıq fərdi yaşayış evi və həyətyanı sahələr su içindədir.
Sakinlərin sözlərinə görə, belə hadisənin baş verməsini gözləmirdilər:
"Həyətimiz palçığın içindədir. Səhərdən həyətdə palçıq təmizləyirik. Sel bizi yaman günə qoydu. Toyuq-cücəmiz məhv olub, fəlakətdir".
Hacıqabul Rayon İcra Hakimiyyətindən bildirilib ki, 13 oktyabrdan selin yaratdığı fəsadlarla bağlı işlər görülür:
"Rayon ərazisində həyətyanı sahələrdən, evlərdən və zirzəmilərdən suyun çəkilməsi ilə bağlı işlər icra olunur. Rayonda elektrik enerjisinin verilişi həmin gün bərpa olunub. Hacıqabul və Şirvan rayonları arasında olan dəmiryolunun bərpası işləri "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən həyata keçirilir. Güman edirik ki, qısa müddətdə qatarlar sərnişinlərin istifadəsinə veriləcək".
Ətraflı Baku TV-nin süjetində:
"Evlərimiz palçığın içində qalıb" - Hacıqabulda son vəziyyət necədir?
"Hacıqabul rayonunda fərdi yaşayış evləri ilə həyətyanı sahələrin 65 faizi sel və qrunt sularından təmizlənib".
Bu barədə "Report"a Fövqəladə Hallar Komissiyasının sədri Saleh Ələsgərov məlumat verib.
Onun sözlərinə görə, rayonda təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi (FHN) Muğan Regional Mərkəzinin 50-dən çox canlı qüvvəsi cəlb edilib:
"Həyətlərdə yığılıb qalmış qrunt sularını çəkmək üçün 20 su nasosu quraşdırılıb. 30-dan çox müxtəlif təyinatlı texnika hadisə yerinə göndərilib.
Görülmüş tədbirlər nəticəsində subasmaya məruz qalan rayon ərazisində həyətyanı sahələrin 65 faizi qrunt sularından təmizlənib.
Hacıqabul-Şirvan şəhəri arasından keçən dəmiryolunun bərpası istiqamətində də işlər davam etdirilir. Komissiya sədrinin sözlərinə görə, təbii fəlakətlə bağlı 100-dən çox vətəndaş müraciət edib. 10 fərdi yaşayış evi qəzalı vəziyyətə düşüb. 100-dən çox toyuq-cücə tələf olub.
Təbii fəlakətdən zərər görən ərazilərə baxış keçiriləndən sonra dəymiş ziyanın miqdarı hesablanacaq".
Rəylər