Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dərbənd filialının 2023-2024-cü tədris ili üzrə məzunları diplom ala bilmirlər.
Bu barədə şikayətlə Baku.ws-ə həmin universitetin məzunu olmuş Samir Cavadov məlumat verib.
O bildirib ki, diplomun verilməməsi ilə bağlı məzunlara konkret səbəb bildirilmir:
"Dəfələrlə həm Elm və Təhsil Nazirliyinə, həm də universitetə müraciət etmişik. Hər biri məsuliyyəti digərinin üzərinə atır. Arada da biz qalmışıq".
Məsələ ilə əlaqədar UNEC-in mətbuat katibi Elnarə Məmmədova bildirib ki, tələbələrə diplom blanklarının verilməsi ilə bağlı Elm və Təhsil Nazirliyinə müraciət olunub. Nazirlik diplom blanklarını universitetə təqdim etdiyi andan məzunlara diplomlar veriləcək:
"UNEC-in Dərbənd filialında dərslər Plexanov adına Rusiya İqtisad Universitetinin tədris proqramları əsasında aparılır. Filialda normativ tədris müddətini uğurla bitirmiş tələbələrin məzun olduqları barədə əmrləri universitet tərəfindən verilib. Məzun olmuş tələbələrə diplom blanklarının verilməsi ilə bağlı Elm və Təhsil Nazirliyinə müraciət olunub. Nazirlik diplom blanklarını universitetə təqdim etdiyi andan məzunlara diplomlar veriləcək".
Rəylər