Bu gün Azərbaycan xalqı Vətən müharibəsinin başlanmasının 4-cü ildönümünü qeyd edir. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsi zamanı 2 908 hərbçimiz şəhid olub, 6 hərbçi isə itkin düşüb. Bu gün bütün ölkə ərazisində şəhidlərimizin xatirəsi yad edilir, onların qəhrəmanlıqları bir daha yada salınır.
Vətən müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış şanlı bir səhifədir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz 30 ilə yaxın işğal altında olan doğma torpaqlarımızı azad etdi. Bu 44 günlük müharibə dövründə Azərbaycan əsgəri əsl qəhrəmanlıq, şücaət və fədakarlıq nümunəsi göstərdi. Onlar canları, qanları bahasına torpaqlarımızın azadlığı, ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə apardılar.
Bu gün II Şəhidlər xiyabanında müharibə qurbanlarının məzarları ziyarət edilir, onların xatirəsinə ehtiram göstərilir. Xiyabanda Vətən uğrunda canından keçmiş igid oğullarımızın məzarları üzərinə əklillər, güllər düzülür. Xalqımız bir daha öz şəhidlərini yad edir, onları unutmur və unutmayacaq.
PhotoStock.az-ın əməkdaşının II Fəxri xiyabandan hazırladığı fotoreportajı təqdim edirik:
Daha çox foto burada: PhotoStock.Az
Rəylər