Ümumiyyətlə, dərmanlar və onların təsirləri ilə bağlı fikirlər hər zaman müxtəlif olub.
Son vaxtlar "Nimesil" ağrıkəsicisi ilə bağlı müzakirələr artıb. Belə ki, bəzi həkimlər, o cümlədən, əczaçılar "Nimesil"i çox da tövsiyə etmir, onun insan orqanizminə müxtəlif zərərlərinin olduğunu qeyd edirlər.
Həmçinin sosial mediada bir əczaçının "Nimesil"i qrip üçün alanlara irad bildirdiyi video da gündəm olub. Yəni "Nimesil"lə bağlı müzakirələr bitmir.
Həkim-farmakoloq, tibb eksperti Aydın Əliyev də Bizim.media-ya açıqlamasında məsələyə münasibətini bildirib.
Həkim açıqlamasının əvvəlində qeyd edib ki, istənilən dərman zəhərdir, həkimlərin əlində müalicə vasitəsidir.
"Nimesil" əsasən nə üçün istifadə edilməlidir?
"Təbii ki, istənilən dərmanın effektivliyi, hansı orqanlara təsir etdiyi nəzərə alınmalıdır.
"Nimesil" preparatı da iltihab əleyhinə vasitədir, ağrını kəsir, temperaturu endirir, qeyri-steroid iltihab əleyhinədir", - deyə həkim bildirib.
Dərmanın zərərlərinə gəlincə, müsahibimiz vurğulayıb ki, dərmanı yaşı 12-dən aşağı olanların istifadə etməsi məsləhətli deyil.
"Nimesil" böyrəklərdən xaric olunduğu üçün böyrək çatışmazlığı, böyrəyində xəstəlik olan insanların qəbul etməsi məsləhətli deyil, məcbur qaldıqları halda isə dozası azaldılmalıdır. "Nimesil" müxtəlif reaksiyalar verə bilər. Məsələn: tərləmə, nəfəs darlığı, qızartılar və dəridə qaşınmalar... Düzgün istifadə olunmadığı zaman isə yuxu gətirə, qusmaya, mədə ağrısına səbəb ola bilər. Əslində, bu fikirlər bütün dərmanlara aiddir".
Rəylər