Oktyabrın 14-də Belçikanın paytaxtı Brüssel şəhərində Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyasının (BHİK) Pan Avropa Regional Şurasının (PARŞ) İcraiyyə Komitəsinin iclası keçirilib.
Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
PARŞ-nin Baş katibi xanım Ester Linç gündəliyə çıxarılan məsələlər və görüləcək işlər barədə İcraiyyə Komitəsinin üzvlərini məlumatlandırıb. İclasda BHİK-nın Baş Şurasının toplantısına hazırlıq və fəaliyyət planları, keçirilən kampaniyalar müzakirə edilib, 2025-ci ilin iş planı nəzərdən keçirilib. Eləcə də iclasda Beynəlxalq Əmək Təşkilatının (BƏT) Beynəlxalq Əmək Konfransına hazırlıq prosesi, COP29 və digər müvafiq mövzularda qarşılıqlı fikir mübadiləsi aparılıb.
BHİK-nın iqlim siyasəti üzrə mütəxəssisi Bert De Vel BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əhəmiyyətindən, bu istiqamətdə həmkarlar ittifaqlarının üzərinə düşən vəzifələrdən və görüləcək işlərdən danışıb.
Tədbirdə çıxış edən AHİK sədri Sahib Məmmədov iqlim dəyişmələrinin fəsadlarını, ədalətli keçid və bu prosesdə həmkarlar ittifaqlarının rolunu qeyd edib. Bildirib ki, sabit və təhlükəsiz ölkə olan Azərbaycanda COP29-a hazırlıqlar peşəkar səviyyədə aparılır. O həmçinin COP29-un şəffaf, qərəzsiz və inklüziv şəkildə keçəcəyindən, tədbirin bütün aspektləri çərçivəsində dayanıqlılıq və həmrəyliyin ən yüksək səviyyədə tərənnüm olunacağından əminliyini ifadə edib. Nəticədə bütün bunların ekoloji təsirlərin azalmasına və geniş ictimai iştiraka gətirib çıxaracağını diqqətə çatdırıb.
Eyni zamanda AHİK sədri Azərbaycanda əmək hüquqlarının qorunması, layiqli əmək şəraitinin yaradılması istiqamətində görülən işlər barədə danışıb, BHİK-nın bəyannamələrinin, qərarlarının, habelə tapşırıq və tövsiyələrinin Azərbaycan həmkarlar ittifaqları üçün önəmini vurğulayıb.
Qeyd edib ki, AHİK və BHİK arasında əməkdaşlıq yüksək səviyyədədir və bundan sonra da münasibətlərin genişləndirilməsi istiqamətində də müvafiq addımlar atılacaq.
"Qloblal iqlim dəyişmələri kömür, neft və qaz sənayesinə, eləcə də burada çalışan işçilərə daha çox təsir göstərir. Bu səbəbdən həmkarlarımızın risk altında olduğunu dərk etməli və onların hüquqlarının qorunması üçün tədbirlər görülməlidir. "Yaşıl iqsaddiyyat"a ədalətli keçid ən effektiv və yeganə çıxış yoludur. Hesab edirəm ki, işsizlikdən sığorta, davamlı təhsil imkanları mühüm tədbirlər arasında olmalıdır. Bu prosesdə inklüzivliyə də xüsusi diqqət yetirməliyik, çünki ədalətli keçid təkcə yüksək inkişaf etmiş ölkələrin işçiləri üçün deyil, həm də inkişaf etməkdə olan ölkələrin əmək adamlarının da hüquqları qorunmalıdır", - deyə, Sahib Məmmədov vurğulayıb.
AHİK sədri çıxışında qarşıda duran məqsəd və vəzifələrin icrasında birgə əməkdaşlığın əhəmiyyətinə də diqqət çəkib: "Ədalətli keçiddə beynəlxalq əməkdaşlıq əsas faktordur. Həmkarlar ittifaqları, işəgötürənlər və hökumət əmək hüquqlarını qorumaq üçün bir araya gəlməli və səylərini birləşdirməlidirlər. Gələcək nəsillərin daha yaşıl və dayanıqlı bir dünyaya sahib olmaları üçün bunu etməyə borcluyuq".
Tədbirdə digər çıxışlar da dinlənilib, 2024-2025-ci illər üzrə icra olunan layihələr, qarşıda duran vəzifələr, maliyyə hesabatları müzakirə olunub, PARŞ-nin Gənclər və Qadınlar komitələrinin hesabatları dinlənilib.
AHİK sədri tədbir çərçivəsində PARŞ-nin Baş katibi xanım Ester Linçlə də görüşüb. İcraiyyə Komitəsinin iclasına dəvətə görə, Baş katibə təşəkkür edən AHİK sədr PARŞ və BHİK-da olan həmkarlarla görüşməkdən məmnun olduğunu bildirib.
Konfederasiya sədri ötən ay Bakıda "İqlim dəyişmələri və ədalətli keçid: həmkarlar ittifaqlarının rolu və fəaliyyəti" mövzusunda keçirilən beynəlxalq konfransı xatırladıb və bu tədbirin ikitərəfli əməkdaşlığa verdiyi töhfələri qeyd edib.
Həmçinin AHİK-in hazırda gördüyü işlər, həyata keçirdiyi layihələr barədə PARŞ Baş katibinə məlumat verilib, "AHİK Könüllüləri" proqramının mahiyyətindən danışılıb. Qeyd edilib ki, bu proqram həmkarlar ittifaqlarının fəaliyyətinin təbliğində, nüfuzunun artırılmasında faydalı olmaqla yanaşı, həm də gənclərin bilik və bacarıqlarının yüksəldilməsi, istedadlarının üzə çıxarılması və təcrübə qazanmaları üçün mühüm fürsətdir.
Ölkəmizin tanınmış simalarından ibarət olacaq "Layiqli Əmək Səfirləri" layihəsi barədə də məlumat verilib və hər iki layihə Baş katib Ester Linçin marağına səbəb olub.
İqlim dəyişmələri, ədalətli keçidə nail olmaq üçün həmkarlar ittifaqlarının vəzifələri, bu qlobal bəlaya qarşı birgə mübarizənin əhəmiyyəti barədə də görüşdə söz açılıb, fikir mübadiləsi aparılıb.
Dəvəti qəbul edib İcraiyyə Komitəsinin iclasında iştirak etdiyinə görə, Sahib Məmmədova minnətdarlıq edən Baş katib Ester Linç BHİK və PARŞ-nin AHİK-lə münasibətlərinin səviyyəsindən razılığını bildirib və əməkdaşlığın bundan sonra da dinamik inkişaf edəcəyinə əminliyini vurğulayıb.
Görüşdə həmçinin qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda AHİK sədri Sahib Məmmədov xanım Ester Linçə milli oranmentlərlə bəzədilmiş kəlağayı təqdim edib.