Səlis danışanların çempionatı olan "Ana dilində hekayəni danış" artıq 4-cü ildir ki, keçirilir. Azərbaycan dilində düzgün danışığı təbliğ edən, dilimizin inkişafını məqsəd olaraq qarşısına qoyan yarışın builki finalı elə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günündə baş tutdu. "Nar"ın dəstəyi, Diksiya Akademiyasının təşkilatçılığı ilə keçirilən çempionatın finalında biz də iştirak etdik.
Final mərasiminin baş tutacağı zala daxil olanda çıxış edəcək şəxsləri kənardan müəyyən etmək olurdu. Kimi çıxışını yanındakı şəxs üçün məşq edirdi, kimi "Həyəcanlanmamaq üçün dərindən çoxlu nəfəs alım", kimi "Görəsən, qalib olacağam?" və s. deyirdi.
Onlar hazırlaşmaqda olsun, biz də Diksiya Akademiyasının təsisçisi, nitq təlimçisi Cəlalə Nəzəroğlu ilə söhbətləşdik. O, bildirdi ki, yarışmanın birinci mərhələsi onlayn şəkildə keçirilib. Azərbaycanın müxtəlif bölgələrindən gənclər öz çıxışlarının videosunu çəkib göndəriblər. Onların içərisindən seçilən şəxslər ikinci mərhələyə keçiblər. Bundan sonra ikinci tur baş tutub. İkinci turdan isə finala 11 nəfər vəsiqə qazanıb.
C.Nəzəroğlu bildirdi ki, 1-ci mərhələni keçib yarışa qatılan şəxslərə səsdən doğru istifadə, artikulyasiya (ağız tənbəlliyinin aradan qaldırılması), parazit səslər çıxarmadan fikirlərini düzgün və dəqiq ifadə etsinlər deyə, söz ehtiyatlarını artırmaq, bədən dili, təsirli mövzu seçimi və s. ilə bağlı nəzəri və təcrübi biliklər verilir.
Gənclərin danışdıqları hekayələrin mövzusuna gəlincə, Cəlalə Nəzəroğlu dedi ki, başqalarının həyatına xoş toxunuşlar edən mövzular olması kimi bir tələb var: Bəzən deyirlər ki, mən qırmızı adamam, heç kimdən çəkinmirəm, söz gəldisə, deyirəm. Bu, yaxşı vəziyyət deyil. Həyatımızın istənilən anında bizi əsəbiləşdirən situasiya, hadisə olacaq. Əsas olan bizim reaksiyamızdır. Kobud danışıq bizim narazı qaldığımız vəziyyəti düzəltmir. Kobud sözlər işlədənlər sonra peşman olurlar. Bizim yarışda çıxışlarla bağlı tələblərimizdən biri odur ki, başqalarının həyatına xoş nələrsə qatan mövzular olsun. Ana dilimizdə gözəl danışaq, eyni zamanda şirin dilli olaq, xoş sözlər deyək. Nələrin dəyişdiyini görəcəyik".
Daha sonra iştirakçıların səbirsizliklə gözlədikləri an - çıxış zamanı gəlib çatdı. 11 finalçı öz hekayəsini ana dilində danışdı. Çıxışlarının mövzularına gəlincə, "Futbol sevdadır", "Həyatımızın mənası nədir", "Baxmaq və görmək arasındakı fərq", "İnsan nə istəyir?" və s. kimi müsbət emosiyalar yaradan hekayələr danışıldı.
Sonra münsiflərin verdiyi ballar toplandı və Zinyət Əliyeva 1-ci, Murad Yunusov 2-ci, Davud Muxtarov isə 3-cü oldu. Qaliblərə və bütün iştirakçılara "Nar"dan dəyərli hədiyyələr təqdim olundu.
"Nar"ın İctimaiyyətlə Əlaqələr və Korporativ Ünsiyyət departamentinin direktoru Hökumə Kərimova bizimlə söhbətində bildirdi ki, ana dilimizin inkişafı təmsil etdiyi şirkət üçün önəmli məsələdir: "Nar" elm və təhsil, milli-mənəvi irs, vətənpərvərlik və s. istiqamətdə bir çox layihələrə dəstək göstərir. Nitqlə bağlı "Təlim məktəbi", "Jestdili.az" layihələrini xüsusi vurğulamaq lazımdır. "Təlim məktəbi" layihəsində nitq və eşitmə məhdudiyyətli gənclərin cəmiyyətə inteqrasiyası və maddi sərbəstliyi üçün müxtəlif peşə təlimləri tədris olunur. "Jestdili.az" eşitmə və nitq məhdudiyyətli şəxslərin daha rahat ünsiyyətinə dəstək məqsədilə yaradılmış onlayn lüğətdir. "Nar" "Ana dilində hekayəni danış" layihəsinin də əsas dəstəkçisidir. Bu da onu göstərir ki, Azərbaycan dilinin qorunması və inkişafı bizim üçün böyük əhəmiyyət kəsb edir. Çünki dilimiz milli kimliyimizin, mədəniyyətimizin və tarixi irsimizin əsas hissəsidir".
H.Kərimova bildirdi ki, gözəl danışıq, təsirli nitq bugünkü iş dünyasının tələblərindəndir. Bu səbəbədən "Nar" bu layihə ilə həm də gənclərin karyeralarında inkişafını dəstəkləyir: "Düzgün və təsirli dil istifadəsi yalnız şəxsi ünsiyyətdə deyil, həm də professional iş mühitində çox əhəmiyyətlidir. Effektiv kommunikasiya bacarıqları, iş dünyasında qarşılıqlı anlaşmanı artırır və peşəkarlığı möhkəmləndirir. Bu yarışa qatılanların böyük hissəsi karyerasının əvvəlində olan şəxslərdir. Düzgün nitq onların istədikləri işi tapmaqlarına, işləyilərsə, iş həyatlarında uğur qazanmaqlarına kömək edir".
Daha sonra qalib olmağın sevincini yaşayan gənclərlə söhbətləşdik. 1-ci yerin qalibi Zinyət Əliyeva deyir ki, yarışda iştirak onun özünü təkmilləşdirməsinə kömək edib, qalib olmaq isə özünə inam yaradıb: "Mən yazıçı və şairəm, qiraətlə məşğulam. Çoxdandır, bu çempionatı gözləyirdim. Qatıldım və bu müddətdə nitqimizi təkmilləşdirməklə bağlı çox şey öyrəndik. Yarışdakı hekayəm isə kitabımdan bir parça - Boşanmaq üzrə olan obrazımın qadınlara çatdırmaq istədiyi mesajdan ibarət idi. Çıxışımdan da arxayın idim, ona görə, qalib olmağı gözləyirdim. Digər çıxışlar da gözəl olduğu üçün rəqabət var idi, ona görə qalibiyyət həm də gözlənilməz və sevincli oldu. Yarış mənim özümə inamımı artırdı, fikirlərimi zənginləşdirdi".
2-ci yeri qazanan Murad Yunusov isə ilk dəfədir, belə bir yarışa qatıldığını bildirdi: "Dəyər verdiyim bir dostumun xahişi və təkidi ilə qatıldım. Bu yarışdan əvvəl də gündəlik öz üzərində işləyən, məşq edən bir insanam. Xüsusilə nitqim üzərində işləyirəm. Öz-özümə müəyyən çıxışlar edirəm. Motivasiyam qalib gəlmək əzmi idi. Qalib siyahısında olacağımdan əmin idim. Birincilik gözləyirdim, amma nə etmək olar, 2-ci yer də pis deyil (Gülür)".
Son həmsöhbətimiz isə bu il qalib olmasa da, növbəti il ilk yerlərdə qərarlaşmağı hədəfləyən Şəhriyar Həmidov oldu. Şəhriyar deyir ki, üzərində işləyib növbəti dəfə yarışa qatılacaq: "Keçən il yarışa qatıldım, birinci turdan keçsəm də, ikincidən alınmadı. Öz üzərimdə işlədim, bu il yenə qatıldım. Bu il finala qədər gəldim, amma qaliblər siyahısında olmadım. Ümumilikdə, bu yarış mənə çox şey qatdı. Təlimlər keçirildi, orda nitqimizlə bağlı boşluqları tamamladıq. Növbəti il yəqin ki çempion olaram. Üzərimdə çalışacağam. Çünki natiqlik sənətinin həyat tərzim olduğunu düşünürəm. Bu sahədə özümü inkişaf etdirmək istəyirəm".
Bəli, Şəhriyar nümunəsi göstərir ki, bəzən sadəcə insana bir təkan lazımdır, o, sonra özünü inkişaf etdirəcək. Bu təkanı Diksiya Akademiyası və "Nar" gözəl danışmaq istəyənlər üçün hər il yaradır.
Rəylər