Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki "AzInTelecom" MMC tərəfindən yaradılmış SİMA yeni nəsil rəqəmsal imza ilə "mygov" mobil tətbiqinə giriş imkanı yaradılıb.
Vətəndaşlar "digital.login" vahid giriş sistemi üzərindən "mygov" platformasına daxil olmaqla müxtəlif dövlət qurumları üzrə məlumatları əldə edə bilərlər.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təqdim etdiyi "mygov" rəqəmsal hökumət platformasında iş və yaşayış yeri, ailə tərkibi, adına olan əmlaklar, diplomlar, mobil nömrələr, cərimələr, etibarnamələr və s. daxil olmaqla 40-dan çox rəqəmsal məlumat, eləcə də şəxsiyyət vəsiqəsi, nikah, doğum və ölüm haqqında şəhadətnamə kimi rəqəmsal sənədlər təqdim olunur. Vətəndaşlar bu rəqəmsal sənəd və məlumatları QR kod, yaxud PDF şəklində paylaşa bilərlər.
Tətbiq sayəsində vətəndaşlar üçün qurumlar tərəfindən fərdi məlumatların istifadəsinə nəzarət etmək imkanı da yaradılıb. Eyni zamanda ailə qurmaq, valideyn olmaq və ailə üzvünün vəfatı kimi həyat hadisələri zamanı zəruri dövlət xidmətləri "mygov" üzərindən təqdim olunur.
"SİMA İmza"nı əldə etmək üçün mobil telefona eyniadlı tətbiqi yükləmək kifayətdir. Tətbiqdən istifadə vətəndaşlar üçün ödənişsizdir.
SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və "157" Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək olar.
Rəylər