Son vaxtlar ABŞ-nin Suriyanın şimalındakı PKK, KCK terror qruplaşmalarına hərbi texnika, o cümlədən hava hücumundan müdafiə sistemləri göndərməsinə dair məlumat yayılır. Türkiyə Milli Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Zeki Aktürk iyulun 25-də keçirdiyi brifinqdə bu məsələyə münasibət bildirib. O deyib ki, Türkiyə Silahlı Qüvvələri prosesləri yaxından izləyir:
"ABŞ regiondakı bazalarının havadan müdafiəsini təmin etmək məqsədilə əraziyə "Avenger Stinger" havadan müdafiə sistemləri göndərib. Müttəfiqimiz ABŞ-dən gözləntimiz onun İŞİD-lə mübarizə bəhanəsi ilə terror təşkilatı PKK/YPG-yə verdiyi bütün dəstəyi dayandırmasıdır. Gözləntimiz odur ki, ABŞ bir terror təşkilatı ilə əməkdaşlıqla başqa birinə qarşı mübarizə aparılmasının doğru olmadığını anlasın və terrorla mübarizəmizə səmimi dəstək versin".
Öncə onu deyək ki, sözügedən təşkilatı ABŞ yaradıb. Xüsusilə, 2014-cü ildən etibarən ABŞ bölgədəki İŞİD terror qruplaşmasına qarşı mübarizə aparmaq məqsədilə PKK-nın Suriya quyruqları - PYD/YPG-ni yaratdı. Əlbəttə, İŞİD-ə qarşı mübarizə, sadəcə, bəhanə idi. Bunu proseslərin gələcək inkişafı da göstərdi.
ABŞ-nin məqsədi, əslində, İŞİD-i zəiflətmək deyildi. Əksinə, məhz bu terror qruplaşmaları vasitəsilə özünün Suriya və İraqdakı mövqelərini möhkəmləndirmək idi.
Təsadüfi deyil ki, Türkiyə rəsmiləri, o cümlədən Prezident Rəcəb Tayyib Ərdoğan, demək olar, bütün çıxışlarında eyni tezisi səsləndirirlər: "Bir terror təşkilatı ilə başqasına qarşı mübarizə aparmaq olmaz".
ABŞ-nin "çətiri altında" olan terrorçu dəstələr əvvəlcə muxtariyyət iddiasında idilər, indi isə tamamilə müstəqillik tələb edirlər.
Türkiyə uzun müddətdir ki, müxtəlif əməliyyatlarla Suriya və İraqın şimalında terrorçularla mübarizə aparır, bu dövlətlərin ərazi bütövlüyünün qorunmasına çalışır.
Sözügedən terror təşkilatları həm də ABŞ-nin Türkiyəyə bir növ siyasi təzyiq vasitəsidir. NATO müttəfiqi olan rəsmi Vaşinqton Ankaranın təhlükəsizlik maraqlarını görməzdən gəlir. Təsadüfi deyil ki, Türkiyə ən yüksək səviyyədə dəfələrlə həm ABŞ-dən, həm də NATO-dan terrora qarşı mübarizəni gücləndirməsini istəyir, lazımi dəstəyi görmədiyini bildirir.
Düşünmək olar ki, son zamanlar Suriyadakı terrorçuların silahlandırılması da məhz destruktiv xarakter daşıyır və birbaşa olaraq Türkiyənin maraqlarını təhdid edir. İş orasındadır ki, bu proses Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşması istiqamətində addımların atılması dövrünə təsadüf edir.
Xatırlatmaq yerinə düşər ki, son zamanlar Türkiyə Suriya ilə münasibətlərin normallaşmasına dair pozitiv bəyanatlar verir. Türkiyə Prezidenti R.T.Ərdoğanla suriyalı həmkarı Bəşər Əsədin görüşü gündəmdədir. Rusiya da bu prosesdə vasitəçi olmağa çalışır. Çünki Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşması Rusiyanın da marağındadır. Amma görünən odur ki, bu prosesdə maraqlı olmayan, suları bulandırmaq istəyən qüvvələr var.
Əslində, proseslər bir-biri ilə bağlıdır. Bir müddət əvvəl suriyalı şəxsin Kayseridə azyaşlıya qarşı cinsi təcavüzündən sonra Suriyada Türkiyə Silahlı Qüvvələrinin olduğu ərazilərdə də ciddi iğtişaşlar yaranmaqdadır. Belə ki, müxaliflərin nəzarətində olan Şimali Suriya ərazisində türk bayraqları endirilir, cırılır, yandırılır, təxribat xarakterli müxtəlif addımlar atılır.
Sözügedən hadisələrin miqyası, mütəşəkkilliyi onu deməyə əsas verir ki, Kayseri məsələsi yalnız bəhanədir.
Medalın görünməyən tərəfi başqadır: məhz Suriya-Türkiyə normallaşması və Rusiyanın bu prosesdə uğurlu olmasının qarşısını almaq.
Əlbəttə, Türkiyə baş verənlərə səssiz qalmayacaq. Perspektivdə Türkiyənin antiterror əməliyyatlarını gücləndirməsi gözləniləndir. Amma məsələ təkcə bununla da kifayətlənməyəcək. ABŞ-nin Suriyadakı "oyunu", yəqin ki, bumeranq effekti verəcək və Rusiya ilə Türkiyənin bu istiqamətdəki əməkdaşlığını daha da gücləndirəcək.
"Report" İnformasiya Agentliyi
Rəylər