Banqladeşdə etirazçılar prezidentin ofisini yandırıblar.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Prothomalo" xəbər yayıb.
Bildirilir ki, aksiyaçılar binanın ətrafında şüarlar səsləndirirlər.
Bundan başqa, "Avami Liq" partiyasının ofisi də hücuma məruz qalıb. Mediadan bildirilib ki, binaya təhlükəli məsafədə qaz balonları mağazası var. Həmçinin Banqladeş daxili işlər nazirinin iqamətgahında da yanğın qeydə alınıb.
İzdiham darvazanı sındırıb, evə daxil olub. Hazırda insanların oranı talan etdiyi bildirilir.
Yeri gəlmişkən xatırladaq ki, Banqladeşin Baş naziri Şeyx Hasina ölkədə davam edən etirazlar fonunda istefa verib, sonra isə xaricə qaçıb.
Banqladeşdə kütləvi iğtişaşlar nəticəsində azı 300 nəfər həlak olub.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Agence France-Presse" (AFP) polis, tibb işçiləri və hökumət orqanlarının məlumatlarına istinadən xəbər yayıb.
Bildirilir ki, onlardan 90 nəfərdən çoxu təkcə bazar günü həlak olub. Ölənlər arasında polis əməkdaşları da var.
"Banqladeşdə toqquşmalar nəticəsində ölənlərin ümumi sayı azı 300 nəfərə çatıb, bazar günü isə - son həftələrin etirazlarının ən qanlı günündə 94 nəfər həlak olub", - deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, Banqladeşdə kütləvi etirazların başlanma səbəbi keçi olub. Belə ki, məmur oğlu Müşfiqur Rəhman İfat adlı şəxs sosial şəbəkələrdə bahalı keçi alması ilə öyünüb - qurban bayramı üçün 1.5 milyon Banqladeş takası (təxminən 21.7 min manat) qarşılığında qurbanlıq aldığını yazıb. Bu ölkədə rezonans doğuran korrupsiya qalmaqalına səbəb olub. Hökumətdən iş yerləri ilə bağlı narazı olan tələbələr də bu hadisədən bir neçə gün sonra aksiyaya başlayıblar.
Banqladeşdə etirazçılar prezidentin ofisini yandırıblar.
Tələbə etirazları dövlət qulluğuna qəbulun kvota sistemi ilə bağlıdır, bu səbəbdən bir çox ali məktəb məzunları iş tapa bilmirlər. Belə etirazlar əvvəlki illərdə də ölkəni sarsıtmışdı və 2024-cü ildə isə yenidən güclənib. Kvota sisteminə görə, dövlət sektorunda işə qəbulda 1971-ci ildə Banqladeşin Pakistandan müstəqilliyi uğrunda müharibə iştirakçılarının ailələrindən olan şəxslərə, həmçinin milli və dini azlıqların nümayəndələrinə, az təmsil olunan rayonların sakinlərinə və əlilliyi olan şəxslərə üstünlük verilir.
Mediada yayılan məlumata görə, respublikada iğtişaşların başlanğıcından bəri ən azı 10 000 nəfər həbs edilib.
Banqladeş hakimiyyəti Dəkkə və ölkənin digər şəhərlərində xüsusi sərəncam veriləcək vaxta qədər komendant saatı tətbiq edib. Bütün ölkədə bazar ertəsi, çərşənbə axşamı və çərşənbə günləri qeyri-iş günü elan edilib. Mobil operatorlar dövlət tənzimləyici orqanlarından mobil interneti və mobil tətbiqləri söndürmək göstərişi alıblar, nəticədə Banqladeşdə internetə giriş məhdudlaşdırılıb.
Rəylər