"Telegram" mesencerinin həmtəsisçisi Pavel Durov Parisdə dindirilərkən Fransa Daxili Təhlükəsizlik Baş İdarəsinin (DGSI, əks-kəşfiyyat) nümayəndələri ilə əlaqə saxladığını, xüsusən də onlarla Dubayda görüşdüyünü deyib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Libération" qəzeti mənbəyə istinadən məlumat verib.
Bu görüşdə Durov açıq şəkildə bildirib ki, hərbi sirr təşkil edən məlumatları açıqlamaq onun üçün yersiz olardı. Söhbətin konkret olaraq nədən getdiyini isə qəzet izah etmir.
Bundan əlavə, mənbənin qeyd etdiyi kimi, Pavel Durov terrorizmlə mübarizə çərçivəsində DGSI ilə qaynar xətt və xüsusi e-poçt ünvanı olan rəsmi əlaqə kanalı açdığını deyib. Onun sözlərinə görə, bu kanallar vasitəsilə informasiya mübadiləsi hətta bir neçə terror aktının qarşısının alınmasına imkan yaradıb.
Həbs edildikdən sonra Durov əməkdaşlığa hazır olduğunu bildirib və hüquq-mühafizə orqanlarına mobil telefonunu və telefona giriş kodunu təqdim edib.
Hadisə ilə bağlı Yelisey Sarayına xəbərdarlıq edilib və Fransa Prezidenti Emmanuel Makron avqustun 25-də Birləşmiş Ərəb Əmirliklərinin rəhbəri Şeyx Məhəmməd bin Zayed Əl-Nəhyanla vəziyyəti müzakirə edib.
Durovun Fransa vətəndaşlığına gəlincə, onun "Telegram" həmtəsisçisinə verilməsi qərarı Makrona məxsus olub. Belqrada səfəri zamanı keçirdiyi mətbuat konfransında Makron bəyan edib ki, bu addımı tamamilə haqlı hesab edir.
Eyni zamanda, daha əvvəl bildirilmişdi ki, Durov lazımi meyarlara cavab vermədiyi üçün Fransa vətəndaşlığı üçün müraciət edərkən bir neçə dəfə rədd cavabı alıb.
Rəylər