İran xalqı şah və tərəfdarlarının ixrac etdiyi milli sərvətlərin geri qaytarılması ilə bağlı 1981-ci il Əlcəzair müqavilələrinin bəzi bəndlərinə əməl etmədiyi üçün noyabrın 3-də ABŞ-yə qarşı iddia qaldırmağa hazırlaşır.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Zülmlə Mübarizə Gününün (4 noyabr 1979-cu ildə İslam İnqilabı tərəfdarlarının Tehrandakı ABŞ səfirliyini ələ keçirdikləri gün qeyd olunur) təşkilat komitəsinin sədri Məhəmməd Rza Nəqdi məlumat verib.
Onun sözlərinə görə, Zülmlə Mübarizə Günündə o illərdə baş verən hadisələrdən bəhs edən yeni nəsli ABŞ-nin cinayətləri ilə tanış edəcək sənədli filmin ictimaiyyətə təqdim edilməsi də planlaşdırılır.
Qeyd edək ki, Əlcəzair sazişi 1981-ci il yanvarın 19-da İran İslam Respublikası ilə ABŞ arasında imzalanıb. Bu razılaşmaya uyğun olaraq, Tehran ABŞ diplomatik missiyasının ələ keçirilməsi zamanı götürdüyü bütün girovları azad edib və İranın ABŞ-yə olan xarici borcunu ödəməyi öhdəsinə götürüb. Vaşinqton isə İslam Respublikasına qarşı ticarət sanksiyalarını ləğv edəcəyinə, xarici bank hesablarının açılacağına və İranın daxili işlərinə qarışmayacağına söz verib.
Rəylər