İran hökuməti Tehranda Fələstinin HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə cavab olaraq İsrailə qarşı cavab variantlarının müzakirəsi davam edir. İslam Respublikası İsrailə qarşı kütləvi zərbə və gizli kəşfiyyat əməliyyatı arasında seçim edir.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə CBS televiziya kanalı Britaniya və Fransa hökumətindəki mənbələrə istinadən xəbər verib.
Onlar bildiriblər ki, İslam Respublikası tərəfindən növbəti zərbə olacağı təqdirdə onların hərbçiləri İsraili müdafiə etməyə hazırdırlar, həmçinin hadisələrin mümkün inkişafı ilə bağlı ABŞ və müttəfiqlərlə daimi təmasdadırlar.
Mənbənin sözlərinə görə, ABŞ hesab edir ki, İran Qəzza sektorunda münaqişənin başa çatması ilə bağlı Dohada aparılan danışıqları pozmağa çalışmayacaq.
CBS qeyd edir ki, Qətərdəki məsləhətləşmələr bu həftənin sonuna qədər uzana bilər, İranın və onun regional müttəfiqlərinin isə yəhudi dövlətinə cavab verməkdə nə qədər ləngiyəcəyi aydın deyil.
Mənbələrin məlumatına görə, Beyrutda hərəkatın baş hərbi strateqi Fuad Şükürün öldürülməsinə görə İsraildən qisas alacağını vəd edən "Hizbullah" lideri Həsən Nəsrullah İranla koordinasiya olmadan yəhudi dövlətinə genişmiqyaslı zərbə vurmaq istəmir.
Hesab edilir ki, "Hizbullah" rəhbəri İsraillə münaqişənin genişlənməsində maraqlı deyil, lakin xəbərdarlıq etmədən hücum edə bilər.
Xatırladaq ki, avqustun 3-də İranın BMT-dəki daimi nümayəndəliyinin əməkdaşı CBS-ə bildirib ki, "Hizbullah" təkcə hərbi hədəfləri deyil, İsrail ərazisinin dərinliklərinə də zərbələr endirə bilər.
Rəylər