Paris Apellyasiya Məhkəməsi Suriya Prezidenti Bəşər Əsədə qarşı 2013-cü ildə kimyəvi silahdan istifadə ittihamı ilə bağlı həbs qərarı çıxarıb.
Məlumata görə, məhkəmə vəzifədə olan prezidentlərin toxunulmazlığına görə Milli Antiterror Prokurorluğunun (PNAT) orderi ləğv etmək tələbini rədd edib.
Qeyd olunur ki, 2023-cü il noyabrın 15-də Fransa məhkəməsi kimyəvi silahdan istifadə ilə bağlı dörd həbs qərarı verib. Suriya lideri ilə yanaşı, onun Suriya Respublika Qvardiyasının komandiri olan qardaşı Mahir Əsədə, eləcə də adları açıqlanmayan daha iki generala qarşı ittihamlar irəli sürülüb.
Suriya prezidentinin həbsinə order verildikdən sonra PNAT məhkəmənin qərarına etiraz edib.
Xatırladaq ki, Suriyada kimyəvi maddələrin istifadəsi ilə bağlı xəbərlər 2012-ci ildə ortaya çıxmağa başlayıb. Ən böyük hücum 2013-cü ilin avqustunda Dəməşqin sıx məskunlaşdığı Şərqi Qutada olub. Müxtəlif hesablamalara görə, kimyəvi silah 300-dən 1700-ə qədər insanın ölümünə səbəb olub.
Mənbə: Agence France-Presse
Rəylər