"Avropa rəsmilərinin Rusiyaya məxsus dondurulmuş 1.4 milyard avro aktivləri Ukrayna Silahlı Qüvvələri üçün silah alınmasına yönəltmək qərarına Moskvadan sərt cavab hazırlanacaq".
Oxu.Az-ın Ura.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, bunu Avropa İttifaqı tərəfindən verilən ən pis qərar adlandırıb.
"Şübhəsiz ki, bu və ya digər şəkildə (bizim tərəfimizdən) cavab olacaq. Bu cür oğru hərəkətlər qarşılıqsız qala bilməz. Bu pullar təkcə oğurlanmır, həm də silah alınmasına xərclənir. Bundan pis bir şey düşünmək çətindir. Biz bu qərarların qəbul edilməsi və həyata keçirilməsi ilə əlaqəsi olan insanların hüquqi təqibi imkanlarını araşdıracağıq. Bu, beynəlxalq hüququn birbaşa pozulması, mülkiyyət hüquqlarının tapdalanmasıdır", - deyə Peskov bildirib.
Xatırladaq ki, Avropa diplomatiyasının rəhbəri Jozep Borrel bildirib ki, Rusiyanın aktivlərindən gələn gəlirlərdən 1,4 milyard avro məbləğində ilk tranş avqustun ilk günlərində Ukrayna üçün silah alınmasına yönəldiləcək. Onun sözlərinə görə, bu, prioritet hərbi avadanlığın - hava hücumundan müdafiə vasitələrinin, artilleriya sursatlarının alınmasına imkan verəcək.
Rəylər