İranın Ənzəli şəhərində Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tərkib hissəsi olan Rəşt-Xəzər limanı dəmiryol xətti istifadəyə verilib.
"Azad İran" "Telegram" kanalı İran mətbuatına istinadən xəbər verir ki, İranın şimalındakı Gilan əyalətində yerləşən Ənzəli Azad Ticarət və Sənaye Zonasında təşkil edilən mərasimdə İran prezidentinin səlahiyyətlərini icra edən Məhəmməd Moxberin iştirakı ilə Rəşt şəhərini Xəzər limanı ilə birləşdirən layihənin açılış mərasimi keçirilib.
Məlumata görə, mərasimə İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş, Gilan əyalətinin hökumət nümayəndələri və Xəzəryanı ölkələrin dövlət rəsmiləri qatılıblar.
Əlavə edək ki, Xəzər dənizi ilə Fars körfəzini birləşdirəcək Rəşt-Xəzər dəmir yolu idxal-ixrac əməliyyatları üçün əhəmiyyətlidir. Bu yol gələcəkdə Rəşt-Xəzər və Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmiryoluna birləşərək Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafını təmin edəcək.