"Qərb Ermənistanı Cənubi Qafqazda müxtəlif qarşılıqlı əməkdaşlıq formatlarına cəlb edir, bunlar ilk növbədə Rusiyaya qarşı yönəlib".
Oxu.Az-ın "Sputnik" Ermənistana istinadən verdiyi məlumata görə, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova gələcək Ermənistan-ABŞ "Eagle Partner 2024" təlimləri barədə danışarkən bildirib.
"Bu təlimlər təəssüfdən başqa heç nə doğurmur. Onlar İrəvanın KTMT-də iştirakını dondurması və təşkilata qarşı açıq hücumlar fonunda keçiriləcək. Qərblilər hansı sülh məqsədlərini bəyan etsələr də, əsas vəzifə geosiyasi layihələr üçün platsdarm yaratmaqdır. Amerikalıların Cənubi Qafqazda peyda olması regionda qalan münaqişə potensialını yalnız qızışdıracaq və yeni bölücü xətlər yaradacaq", - deyə o vurğulayıb.
Zaxarovanın sözlərinə görə, amerikalılar təlimlər adı altında Ermənistana NATO silahlı qüvvələr standartlarını qəbul etdirirlər. Bu, Ermənistanın bütün təhlükəsizlik sisteminin yenidən formatlaşdırılmasına gətirib çıxarır və nəticədə Qərbə Ermənistanın daxili və xarici siyasətinə əlavə təsir rıçaqları verəcək.
Rəylər