Gənc boksçulardan ibarət Azərbaycan milli komandası Monteneqronun Budva şəhərində keçirilən dünya çempionatında ilkə imza atıb.
Oxu.Az xəbər verir ki, baş məşqçi Elbrus Rzayevin rəhbərlik etdiyi millimizin 5 boksçusu mundialın yarımfinalına adlayıb.
Bilalhəbaşi Nəzərov (48 kq), Zidan Hümbətov (51 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Əli Abdullayev (63,5 kq) və Aynur Mikayılova (57 kq) 1/4 final mərhələsini qələbə ilə başa vurublar. Bununla da yığmamız yarışın 5 mükafatını təmin edib.
Bu nəticə Azərbaycan boks tarixində yeni rekorddur. Millimiz indiyədək gənclərin dünya birinciliyində heç vaxt bu qədər mükafat qazanmayıb.
Əvvəlki rekord 2004-cü ildə qeydə alınıb. 20 il əvvəl 4 boksçumuz yarımfinala adlayıb. Cənubi Koreyanın Jeju şəhərində baş tutan mundialda boksçularımızın qazancı 4 bürünc mükafat olub.
Aynur Mikayılova isə mundialda medal qazanacaq ilk azərbaycanlı qız boksçu olacaq. Bunadək heç bir idmançımız bunu bacarmayıb.
Rəylər