"Formula-1" üzrə dünya çempionatının cari mövsümdə 20-ci yarışı olan Meksika Qran-prisini "Ferrari"nin ispaniyalı pilotu Karlos Sayns qazanıb.
Oxu.Az xəbər verir ki, Karlos Sayns yarışa ilk sırada başlasa da startda mövsümün lideri Maks Ferstappenin gerisinə düşüb. Daha sonra yenidən önə keçən Karlos 71 dövrəlik yarışı birinci yerdə başa vurub.
Podiumda ikinci pillənin sahibi "McLaren"dən Lando Norris olub, podiumun son pilləsinə isə "Ferrari"nin digər pilotu Şarl Lekler qalxıb.
Qeyd edək ki, yarışın gedişində Ferstappen iki dəfə 10 saniyəlik cərimə aldığı üçün geri düşüb və finişdə yalnız 6-cı ola bilib.
Rodriges qardaşlarının adını daşıyan avtodromda baş tutan bu yarışdan sonra Ferstappenin Norris üzərindəki üstünlüyü mövsümün sonuna 4 yarış qalmış 47-yə enib, Lekler isə daha 24 xal geridədir. Komandaların mübarizəsində "Ferrari" komandası "Red Bull"u arxada qoyaraq ikinci yerə yüksəlib və "McLaren"dən 29 xal geri qalır.
Çempionatda növbəti mərhələ bu həftəsonu Braziliyanın San Paulu şəhərindəki Karlos Paçe adına avtodromda baş tutacaq.
Rəylər