"Xüsusilə hücum xətti güclü olan komandaya qarşı oynayacağıq".
Oxu.Az xəbər verir ki, bunu "Ayaks"ın baş məşqçisi Françesko Farioli UEFA Avropa Liqasının Liqa mərhələsinin III turu çərçivəsində "Qarabağ"la keçiriləcək matçdan öncə təşkil edilən mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis bildirib ki, "Qarabağ" çox güclü və təcrübəli rəqibdir:
"Qarabağ" haqqında onu deyə bilərəm ki, güclü komandadır. Mən onların oyun prosesi ilə maraqlanmışam. Bildiyiniz kimi, Türkiyədə işləmişəm və bu səbəbdən Azərbaycan klublarının oyun tərzini bilirəm. "Neftçi Arena"da çıxış etməyimizin səbəbi isə daha rahat məşq hazırlığı keçməyimizdir. "Qarabağ"ın hücum xətti olduqca güclüdür. "Bayer Leverkuzen"lə görüşü xatırlasaq, komandanın son dəqiqələrdə məğlub olduğunu görə bilərik. Məhz buna görə də daha ehtiyatlı oyuna üstünlük verəcəyik", - deyə o bildirib.
Qeyd edək ki, "Qarabağ" - "Ayaks" görüşü oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:45-də başlayacaq.
Anar Həsənov
Rəylər