Çempionlar Liqasının pley-offunda Zaqreb "Dinamo"suna ikinci oyunda da yenilən "Qarabağ" qitənin ən mötəbər klub turnirində və ya avrokuboklarda bir sıra arzuolunmaz statistik göstəricilərə ilk dəfə imza atıb, bəzi göstəriciləri isə təkrarlayıb.
Oxu.Az xəbər verir ki, klub bəzi göstəricilərlə uzun müddətdən sonra yenidən tarixə düşüb.
Çempionlar Liqasının təsnifat mərhələləri və pley-offunda "Qarabağ" ilk dəfə iki oyunda qapısında 5 top görüb və ilk dəfə hər iki oyunda uduzub. Sözügedən mərhələlərin ikioyunluq matçlarında "köhlən atlar" son 9 ildə ilk dəfə iki matçda rəqib qapısına yol tapa bilməyiblər. Son və yeganə belə hal 2015-ci ildə 3-cü təsnifat mərhələsində şotland "Seltik"i ilə (0:1, 0:0) oyunlarda yaşanıb.
"Qarabağ" sonuncu dəfə iki qarşılaşmada qapısında 5 topu 2010-cu ildə Avropa Liqasının 4-cü təsnifat mərhələsində Dortmund "Borussiya"sı ilə (0:4, 0:1) dueldə görüb. Ağdamlıların qitə yarışlarının qrupaqədərki mərhələlərində sonuncu dəfə hər iki oyunda uduzduqları rəqib də alman klubu olub. Frankfurt "Ayntraxt"ı 2013-cü ildə Avropa Liqasının 4-cü təsnifat mərhələsində "Qarabağ"a 2:0 və 2:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Ağdam klubu Çempionlar Liqasının pley-offunda Zaqreb "Dinamo"suna səfərdə 0:3, ardından cavab matçında evdə 0:2 hesabı ilə məğlub olub.
Rəylər