UEFA Avropa Liqasında oktyabrın 24-də keçiriləcək "Qarabağ" - "Ayaks" (Niderland) oyununu idarə edəcək Nikolas Uolş daha öncə də təmsilçimizin oyunlarına təyinat alıb.
Oxu.Az xəbər verir ki, Uolş 2022/23 mövsümündə Konfrans Liqasının pley-off mərhələsində baş tutan "Gent" - "Qarabağ" matçında dördüncü hakim funksiyasını yerinə yetirib. Qarşılaşma Belçika təmsilçisinin qələbəsi ilə başa çatıb.
Uolş bundan əlavə 2023/24 mövsümündə Bakıda baş tutan "Qarabağ" - "Molde" matçında VAR hakimi olub. Bu görüş isə "köhlən atlar"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Nikolas "Qarabağ"la yanaşı, bir dəfə də "Qəbələ"nin matçına təyinat alıb. 2019-cu ildə Avropa Liqasında Tbilisi "Dinamo"suna qarşı keçirilən II təsnifat mərhələsində ev oyununun baş hakimi olub. Matç "qırmızı-qaralar"ın məğlubiyyəti ilə başa çatıb - 0:2.
Oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Ayaks" oyununa saat 20:45-də start veriləcək.
Rəylər