Braziliya millisinin və İspaniyanın "Real Madrid" klubunun hücumçusu Vinisius Junior "Goal"un versiyasına görə, "Qızıl top"a namizədlər siyahısında birinci olub.
Oxu.Az xəbər verir ki, bu barədə goal.com məlumat yayıb.
İlk beşliyə ispaniyalı ilə yanaşı, İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Rodri, "Real"ın futbolçuları Cud Bellinqem və Dani Karvaxal, həmçinin "İnter"in hücumçusu Lautaro Martines daxil olublar. Fransa millisi ilə birlikdə Avropa çempionatının yarımfinal mərhələsində mübarizədən kənarlaşdırılan Kilian Mbappe yeddinci, AVRO-2024-ün ən yaxşı gənc futbolçusu Lamin Yamal 12-ci, Lionel Messi 16-cı yerdə qərarlaşıb.
Rodri, Karvaxal və Yamal İspaniya millisinin tərkibində Avropa çempionu olublar. Finalda ingilislərə 2:1 hesabı ilə qalib gəliblər. Yamal həm də dörd məhsuldar ötürmə ilə ən yaxşı assistent olub.
Martines və Messi əlavə vaxtda Kolumbiyaya qalib gələrək Amerika kubokunun qalibi olublar - 1:0. Qələbə qolunu 112-ci dəqiqədə Lautaro vurub, Messi 66-cı dəqiqədə zədələnərək meydanı tərk edib.
Qeyd edək ki, Messi 2023-cü ildə "Qızıl top"u qazanıb. Onun üçün bu kubok karyerasında səkkizinci olub.
Rəylər