Bu il iyulun 1-nə Dövlət Neft Fondunun (ARDNF) aktivləri ilin əvvəli ilə müqayisədə 3,4% artaraq 58 milyard 600 min ABŞ dolları təşkil edib.
Oxu.Az bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, bu ilin yanvar-iyun aylarında ARDNF-nin büdcə gəlirləri 9 milyard 254 milyon 900 min manat, büdcə xərcləri isə 6 milyard 414 milyon 400 min manat olub.
O cümlədən, Fondun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 6 milyard 436,5 milyon manat, o cümlədən, mənfəət neftinin və qazın satışından 5 milyard 657 milyon manat, bonus ödənişlərindən gəlirləri 775,9 milyon manat, tranzit gəlirləri 0,3 min manat, akrhesabı ödənişlərdən gəlirləri isə 3,6 milyon manat təşkil edib. Qurum valyuta vəsaitlərinin idarə olunmasından isə 2 milyard 818,4 milyon manat gəlir əldə edib.
Hesabat dövründə ARDNF 2024-cü il büdcəsinin icrası çərçivəsində 6 milyard 390,5 milyon manat vəsaiti dövlət büdcəsinə transfert edib, "2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın maliyyələşməsinə 5,2 milyon manat, "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı"nın maliyyələşməsinə isə 7,1 milyon manat yönəldib. Fondun idarə edilməsi ilə bağlı xərcləri 11,6 milyon manat təşkil edib.
6 ay ərzində valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri hesabat dövrü üzrə 441,5 milyon manat təşkil edib.
Fondun aktivlərinin idarə edilməsindən əldə edilən gəlirlərə gəldikdə əsas töhfə səhm investisiyalarının payına düşür. İnkişaf etmiş ölkələrin iqtisadiyyatlarında yuxarı faiz dərəcələrinə baxmayaraq aşağı işsizlik dərəcələrinin qalması istehlak göstəricilərinə, o cümlədən ÜDM-in artım tempinə müsbət təsir edib. Həmçinin, süni intellekt texnologiyasındakı irəliləmələr və bu istiqamətdə optimist gözləntilər informasiya texnologiyaları səhmlərinə əhəmiyyətli dəstək verib. Sadalananlar əsasında cari ilin ilk yarımilində səhm bazarlarında yüksək gəlirlilik müşahidə olunub.
Bazar iştirakçıları və mərkəzi bankların uçot dərəcələri ilə bağlı gözləntilərinin tədricən uzlaşması fonunda ötən rüblərə nəzərən maliyyə bazarlarında faiz dərəcələri ilə qeyri-müəyyənlik səngiməkdədir. Nəticədə, həm dərc olunan göstəricilər, həm də proqnozlar əsasında növbəti rüblərdə uçot dərəcələrinin aşağı düşməsi gözləntiləri kapital bazarlarında nikbin mühit formalaşdırır.