"Bu ilin əvvəlindən 635-dən çox vətəndaş və ya ailə satmaq öhdəliyi ilə kirayə mexanizmi vasitəsilə mənzil sahibi olub və bu proses hazırda da davam edir".
Oxu.Az xəbər verir ki, bunu İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) Kommunikasiya və İnformasiya Təminatı Xidmətinin rəisi Namiq Mayılov "Space" telekanalının "Səhərin statusu" verilişində deyib.
Onun sözlərinə görə, ümumilikdə 2020-ci ildən indiyədək 5 000-dən çox vətəndaş bu mexanizmdən faydalanıb:
"Satmaq öhdəliyi ilə kirayə yolu ilə mənzil əldə etmiş vətəndaşların 71%-i gənclər və gənc ailələrdir".
N.Mayılov bildirib ki, indiyədək mexanizm çərçivəsində əhaliyə 14 ünvanda kirayə mənzillər təklif edilib. Onlardan altı ünvan Bakı şəhərində, üçü Xırdalan şəhərində, üçü Abşeron rayonunun Saray, Masazır və Məmmədli qəsəbələrində, daha ikisi isə Sumqayıt şəhərində yerləşir.
"Gələcəkdə Mənzil Fonduna yeni ünvanların daxil edilməsi üçün araşdırmalar aparılır", - xidmət rəisi qeyd edib.