Kriptovalyuta birjalarında "Hamster Kombat" (HMSTR) tokeninin - TON blokçeynində buraxılmış eyniadlı "Telegram" oyununun yerli kriptovalyutasının ticarətinə başlanılıb.
Oxu.Az-ın RBK-ya istinadla verdiyi məlumata görə, "AirDrop"("Apple" cihazları arasında simsiz məlumat ötürmə texnologiyası) zamanı alınmış tokenlərin ticarəti sentyabrın 26-da Bakı vaxtı ilə saat 16:00-da "OKX", "Bybit", "Bitget", "Binance" və digər ticarət platformalarında açılıb.
Bildirilir ki, "Binance"də spot ticarətinin başlanğıcında "Hamster Kombat"ın qiyməti 0.01 dollar təşkil edib.
"Hamster Kombat" - "Telegram"da minitətbiq şəklində klikker oyunudur. Oyunda dələ şəkli olan düyməyə basmaqla və digər tapşırıqları yerinə yetirməklə, virtual kriptovalyuta birjasında personajı inkişaf etdirməklə daxili oyun sikkələrini "qazanmaq" olar.
Həmçinin bonusları "YouTube"da tətbiqin videolarına baxmaqla və referral sistemi ilə yeni oyunçular cəlb etməklə əldə etmək olar.
Pavel Durov "Hamster Kombat" layihəsini "internet fenomeni" adlandırıb, çünki oyun ilk 73 gün ərzində auditoriyasını 100 milyon istifadəçiyə çatdırıb. Hazırda oyunun "Telegram" kanalında 60 milyondan çox abunəçi var. Avqustun 28-də "Hamster Kombat" komandası "AirDrop" və tokenin birjalara çıxışını elan edib.
HMSTR-in ümumi emissiyası 100 milyard tokendir. Bunlardan 75 milyardı istifadəçilər arasında iki mərhələdə paylanacaq: 60 milyard birinci (cari) mövsümdə paylanıb, daha 15 milyardı isə "AirDrop" iştirakçıları oktyabrda başlaması planlaşdırılan ikinci mövsümdə alacaqlar.