Son illər "Azpulmat" və "Manato" kimi bank olmayan kredit təşkilatlarına (BOKT) üz tutan insanların sayı artıb. Vətəndaşlar əvvəlcə üz tuturlar, sonra üzləri utanır. Çünki sözügedən təşkilatların kredit faizləri çox yüksəkdir. Bu narazılığı görmək üçün vətəndaşların fikirlərini oxumaq kifayətdir. Bəzi ailələrdə bu tip təşkilatlara görə, davalar artır, insanlar intihar həddinə çatırlar, ödəniş çətinliyi həyat komfortunu aşağı salır.
Sadə məntiqlə yanaşsaq, heç kim vətəndaşı kredit götürməyə məcbur etmir. Ancaq digər tərəfdən, vətəndaş problemini həll etmək üçün kredit götürməyə məcburdur. Darda olan insan faizin dərəcəsinə baxmır, ödənişi etməkdə çətinlik çəkəndə faizlərin "soyuq üzü" ilə tanış olur.
Bəs vətəndaş öz seçimi ilə çarəsizlikdən BOKT-dən kredit götürürsə, sözügedən təşkilat "kəllə-çarx" faiz qoymalıdır? Bu təşkilatların fəaliyyəti qanunidirmi?
İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı Oxu.Az-a danışıb.
O bildirib ki, Mərkəzi Bank adı hallanan qurumlara bank olmayan kredit təşkilatı kimi lisenziya verib:
"Yəni onlar özbaşına kredit verə bilməzlər. Ölkədə özbaşına kredit verənlər sələmçilərdir, qanunsuz fəaliyyət göstərirlər. Digər təşkilatların hamısı mütləq şəkildə qeydiyyatdan keçməlidirlər. Adları çəkilən şirkətlərin hesabatları bəzən qarşıma çıxır. İllik hesabatlarını dərc edirlər. Kifayət qədər şəffaf fəaliyyət göstərdiklərini müşahidə edirəm.
Bu təşkilatların faizlərinin çox olmasını bazar müəyyənləşdirir. Faiz pulun qiymətidir. Sözügedən BOKT-lər kiçik kreditlər verirlər: 50, 100, 500 manat və sair. Müştərilərə çox nadir hallarda 500 manatdan yuxarı kredit ayrılır. Hər bir kreditin kreditvermə xərci var: 3-5 manat. 50 manatlıq və ya 50 minlik kredit, fərq etmir. Rəsmi iş yeri, kredit tarixçəsi, aylıq məvacib və sair kimi məlumatlar öyrənilir. Haqqında danışdığımız təşkilatlar kiçik kredit verdikləri üçün xərcləri böyük olur. 100 milyonluq kreditin xərci daha az olur, nəinki 50 manatlıq kreditin xərci".
X.Kərimli qeyd edib ki, bu qurumların kredit başına düşən xərcləri çoxdur:
"Həmçinin riskli və bankdan götürə bilməyən müştərilərə kredit verirlər. Şirkət əvvəldən nəzərə alır ki, ayırdıqları pulun 20-30 faizini yığa bilməyəcək. Həmişə yığa bilmədikləri pulu kredit faizinin üzərinə gəlirlər. Rəhbər şəxs əvvəlcədən oturub hesablayır ki, ehtimalla nə qədər pulu toplaya bilməyəcək?! O, daha sonra itirəcəyini düşündüyü məbləği faizə əlavə edir. Bundan əlavə, bu işi təşkil edənlərin İT xərcləri var. Çünki proses elektron şəkildə təşkil olunur. Bir üstünlükləri də komfortdur. Gecə saatlarında belə, kredit götürmək mümkündür.
Heç kim vətəndaşları məcbur etmir ki, o təşkilatlardan pul götürsünlər".
İqtisadçı-ekspert Əkrəm Həsənov vurğulayıb ki, bank olmayan kredit təşkilatlarının fəaliyyəti qanunidir:
"Onlar kredit şərtlərini müqavilə ilə təmin edirlər. Bu sahədə qanunvericilikdə heç bir məhdudiyyət yoxdur, ona görə istifadə edirlər. Bankdan kredit götürə bilməyən, rəsmi gəlirləri aşağı olan, əvvəlki kreditləri çox və ya tarixçələri pis olan vətəndaşlar müraciət edirlər. Sözügedən təşkilatlar da bundan faydalanır".
Məhərrəm Əliyev