Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Muzeyində "Heydər Əliyev və Azərbaycanın yeni enerji strategiyası" bölməsinin açılışı olub.
Oxu.Az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir.
Bildirilib ki, ilk öncə tədbir iştirakçıları ulu öndərin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər.
Açılış mərasimi çərçivəsində enerji siyasəti mövzusunda dəyirmi masa təşkil olunub.
Dəyirmi masada çıxış edən Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Elşad Əliyev müasir müstəqil Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin müdrik siyasəti sayəsində 1990-cı ildə Naxçıvanın ali qanunverici orqanında ilk dəfə üçrəngli bayrağımızın dövlət rəmzi olaraq qəbul edilməsinin ölkəmiz və xalqımız üçün olduqca mühüm tarixi əhəmiyyət kəsb etdiyini bildirib.
Ulu öndərin fəaliyyətinin bütün dövrlərində Muxtar Respublikanın dayanıqlı tərəqqisinə diqqət ayırdığını söyləyən E.Əliyev blokada şəraitində olmasına baxmayaraq, Naxçıvanın davamlı inkişafı, əhalinin rifah halının daha da yaxşılaşdırılması istiqamətində zəruri addımlar atıldığını bildirib.
SOCAR-ın Kommunikasiya məsələləri üzrə icraçı direktoru Aygün Hüseynova 2024-cü ilin Muxtar Respublikanın yaranmasının 100-cü, "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu, Neft Daşlarının yaranmasının isə 75-ci ildönümləri ilə əlamətdar olduğunu qeyd edib, bu xüsusda, SOCAR-ın təşəbbüsü ilə Naxçıvanda Heydər Əliyev Muzeyində "Heydər Əliyev və enerji strategiyası" bölməsinin açılmasının önəmini vurğulayıb.
O, ümummilli liderin müəyyənləşdirdiyi enerji strategiyasının Azərbaycanın hərtərəfli inkişafındakı rolundan, ulu öndərin neft-qaz sənayemizin inkişafına, neftçilərə göstərdiyi yüksək qayğıdan bəhs edib.
Ulu öndərin daim Muxtar Respublikanın davamlı inkişafına xüsusi diqqət ayırdığını bildirən Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin sədri İsmayıl Hacıyev ümummilli liderin rəhbərliyi ilə Naxçıvanın enerji təhlükəsizliyinin, əhalinin dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi istiqamətində əsaslı tədbirlər görüldüyünü vurğulayıb.
Naxçıvanın mədəniyyət nazirinin müavini, nazir vəzifəsini icra edən Həsən Seyidov ümummilli liderin muxtar respublikada mədəniyyət və incəsənətin inkişafına, tarixi-mədəni abidələrin qorunmasına daim böyük önəm verdiyini bildirib və bu sahələrdə görülən işlərdən danışıb.
Heydər Əliyev Muzeyinin fəaliyyəti barədə məlumat verən muzeyin direktoru Ramil Orucəliyev burada ümummilli liderin həyatı və ictimai-siyasi fəaliyyətinin müxtəlif dövrlərinə dair nümayiş olunan materialların, tarixi sənədlərin, nadir fotoların, ulu öndərə məxsus şəxsi əşyaların ziyarətçilər, tədqiqatçılar tərəfindən böyük maraqla qarşılandığını qeyd edib. Direktor, həmçinin "Heydər Əliyev və Azərbaycanın yeni enerji strategiyası" bölməsinin yaradılmasının muzeyin fondunun daha da zənginləşdirilməsinə önəmli töhfə verdiyini bildirib.
Sonra "Heydər Əliyev və Azərbaycanın yeni enerji strategiyası" bölməsinin açılışı olub.
SOCAR-ın təşəbbüsü ilə yaradılan bölmədə ulu öndər Heydər Əliyevin yeni neft strategiyasının icrasını, dahi şəxsiyyətin neft-qaz sənayemizin inkişafına, neftçilərə yüksək diqqətini əks etdir nadir fotolar yer alıb.
Burada ümummilli liderin adını daşıyan 6-cı nəsil yarımdalma qazma qurğusunun, "Prezident Heydər Əliyev" tankerinin maketləri, "Əsrin müqaviləsi"nin surəti və digər maraqlı sənədlər nümayiş etdirilir.
Daha sonra qonaqlar muzey ilə tanış olublar.
Naxçıvandakı muzeydə "Heydər Əliyev və Azərbaycanın yeni enerji strategiyası" bölməsi açılıb