Bu ilin əvvəlinə Azərbaycan üzrə statistik vahidlərin 3,1%-i, mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin 2,6%-i, fərdi sahibkarlıq subyektlərinin 6,8%-i Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında qeydə alınıb, yatırılan investisiyaların 31,7%-i, pərakəndə ticarət dövriyyəsinin 2,4%-i, sənaye istehsalının 0,4%-i, ictimai iaşə dövriyyəsinin 2,1%-i bu rayonların payına düşüb.
Oxu.Az Dövlət Statistika Komitəsinə istinadən ötən il ayrı-ayrı iqtisadi sektorlar üzrə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında qeydə alınan göstəriciləri təfərrüatı ilə təqdim edir:
Statistik vahidlər
Yanvarın 1-nə fərdi sahibkarlar istisna olmaqla dövlət reyestrində qeydiyyatdan keçmiş statistik vahidlərin sayı 2023-cü ilin əvvəli ilə müqayisədə Qarabağ iqtisadi rayonunda 3,9% artaraq 5 041, Şərqi Zəngəzur iqtisadi rayonunda isə 7,3% artaraq 1 128 olub. Ötən il Qarabağ iqtisadi rayonu üzrə 173 yeni statistik vahid yaradılıb (illik müqayisədə dəyişməyib), bir statistik vahid ləğv edilib, Şərqi Zəngəzur iqtisadi rayonu üzrə 80 statistik vahid yaradılıb (illik müqayisədə 90,4% çox), bir statistik vahid ləğv edilib.
Ötən il Azərbaycanda 16 439 yeni statistik vahid yaradılıb, 15 statistik vahid ləğv edilib. Bu ilin əvvəlinə ölkə üzrə 198 538 statistik vahid mövcud olub.
Mikro sahibkarlığa üstünlük verilir
Qarabağ iqtisadi rayonunda illik müqayisədə mikro sahibkarlıq subyektlərinin sayı 5,6% artaraq 3 713, kiçik sahibkarlıq subyektlərinin sayı 2,2% artaraq 182, orta sahibkarlıq subyektlərinin sayı 4,4% artaraq 71, iri sahibkarlıq subyektlərinin sayı iki dəfə azalaraq altı, fərdi sahibkarların sayı 8% artaraq 84 292 olub.
Həmin tarixə Şərqi Zəngəzur iqtisadi rayonunda illik müqayisədə mikro sahibkarlıq subyektlərinin sayı 6,8% artaraq 721-ə, kiçik sahibkarlıq subyektlərinin sayı 42% artaraq 44-ə, orta sahibkarlıq subyektlərinin sayı bir vahid artaraq 10-a, iri sahibkarlıq subyektlərinin sayı altı vahid azalaraq birə, fərdi sahibkarların sayı isə 10,3% artaraq 4 897-ə çatıb.
İlin əvvəlinə ölkə üzrə mikro sahibkarlıq subyektlərinin sayı 166 890, kiçik sahibkarlıq subyektlərinin sayı 9 709, orta sahibkarlıq subyektlərinin sayı 3 587, iri sahibkarlıq subyektlərinin sayı 779, fərdi sahibkarların sayı 1 321 835 təşkil edib.
2024-cü ilin yanvarın 1-nə Qarabağ iqtisadi rayonunda kişi fərdi sahibkarların sayı 6,9% artaraq 68 676, qadın fərdi sahibkarların sayı isə 13,1% artaraq 15 616 olub. Həmin tarixə Şərqi Zəngəzur iqtisadi rayonunda kişi fərdi sahibkarların sayı 8,5% artaraq 3 907-ə, qadın fərdi sahibkarların sayı 18,4% artaraq 990-a çatıb.
İlin əvvəlinə ölkə üzrə fərdi sahibkarlıq subyektlərinin 1 021 414-ü kişi, 300 421-i isə qadın olub.
Pərakəndə ticarət dövriyyəsi Tərtərdə azalıb
Ötən il Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin 2,4%-i, başqa sözlə 1 milyard 420 milyon 423, 6 min manatı Qarabağ iqtisadi rayonunun payına düşüb. Bu isə 2022-ci illə müqayisədə 4% çoxdur. İl ərzində Ağcabədi rayonu üzrə pərakəndə ticarət dövriyyəsi 382 milyon 80,7 min manat (illik 0,9% çox), Ağdam rayonu üzrə 83 milyon 929, 2 min manat (illik 16,9% çox), Bərdə rayonunda 637 milyon 930,9 min manat (illik 6,2% çox), Füzuli rayonunda 89 milyon 398,3 min manat (illik 8,3% çox), Tərtər rayonunda 217 milyon 84,5 min manat (illik 1,9% az) olub.
Əsas kapitala yönəldilmiş vəsait
2023-cü ildə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına 6,4 milyard manat investisiya yatırılıb.
İl ərzində Qarabağ iqtisadi rayonunda əsas kapitala 2 milyard 438 milyon 21 min manat vəsait yönəldilib. Bunun 2 milyard 362 milyon 675 min manatı və yaxud 96,9%-i tikinti-quraşdırma işlərinə sərf edilib.
İqtisadi rayon üzrə ən çox investisiya 623 milyon 158 min manat olmaqla Şuşa rayonuna yatırılıb. Bu da rayon üzrə ümumi investisiyaların 25,6%-ni təşkil edib. Həmin vəsaitin 614 milyon 563 min manatı və yaxud 98,5%-i tikinti-quraşdırma işlərinə xərclənib.
Hesabat dövründə Xankəndi şəhərində əsas kapitala 31 min 500 manat investisiya yönəldilib ki, bu vəsaitin hamısı tikinti-quraşdırma işlərinə aid olub. Ağcabədi rayonunda əsas kapitala ümumilikdə 58 milyon 910 min manat, o cümlədən, tikinti-quraşdırma işləri üzrə 43 milyon 781 min manat, Ağdam rayonunda ümumilikdə 568 milyon 374 min manat, o cümlədən, tikinti-quraşdırma işləri üzrə 545 milyon 977 min manat, Bərdə rayonunda ümumilikdə 15 milyon 429 min manat, o cümlədən, tikinti-quraşdırma işləri üzrə 14 milyon 959 min manat, Füzuli rayonunda ümumilikdə 677 milyon 174 min manat, o cümlədən, tikinti-quraşdırma işləri üzrə 657 milyon 618 min manat, Xocalı rayonunda ümumilikdə 304 milyon 223 min manat, o cümlədən, tikinti-quraşdırma işləri üzrə 303 milyon 982 min manat, Xocavənd rayonunda ümumilikdə 113 milyon 951 min manat, o cümlədən, tikinti-quraşdırma işləri üzrə 112 milyon 319 min manat, Tərtər rayonunda ümumilikdə 76 milyon 768 min manat, o cümlədən, tikinti-quraşdırma işləri üzrə 69 milyon 442 min manat vəsait yönəldilib.
2023-cü ildə Şərqi Zəngəzur iqtisadi rayonu üzrə əsas kapitala yönəldilmiş vəsaitin məbləği 3 milyard 955 milyon 190 min manat təşkil edib. Bunun 3 milyard 749 milyon 665 min manatı və yaxud 94,8%-i tikinti-quraşdırma işlərinə sərf edilib.
Bu iqtisadi rayon üzrə ən çox investisiya 1 milyard 563 milyon 743 min manat olmaqla Laçın rayonuna yatırılıb. Bu da iqtisadi rayon üzrə ümumi investisiyaların 39,5%-ni təşkil edib. Həmin vəsaitin 1 milyard 502 milyon 394 min manatı və yaxud 96%-i tikinti-quraşdırma işlərinə xərclənib.
Hesabat dövründə Cəbrayıl rayonunda əsas kapitala ümumilikdə 639 milyon 253 min manat, o cümlədən, tikinti-quraşdırma işləri üzrə 506 milyon 16 min manat, Kəlbəcər rayonunda ümumilikdə 879 milyon 512 min manat, o cümlədən, tikinti-quraşdırma işləri üzrə 874 milyon 208 min manat, Qubadlı rayonunda ümumilikdə 282 milyon 69 min manat, o cümlədən, tikinti-quraşdırma işləri üzrə 279 milyon 382 min manat, Zəngilan rayonunda ümumilikdə 590 milyon 611 min manat, o cümlədən, tikinti-quraşdırma işləri üzrə 587 milyon 663 min manat vəsait yönəldilib.
Ötən il Azərbaycanda əsas kapitala 20 milyard 296,6 milyon manat məbləğində vəsait yönəldilib.
Sənaye istehsalı Laçında genişlənir
Ötən il Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ümumilikdə 261 milyon 712 min manat həcmində sənaye məhsulu istehsal olunub. Bu göstəricinin 242 milyon 860 min manatı Qarabağ iqtisadi rayonunun payına düşüb.
İl ərzində sənaye sektoru üzrə ÜDM-in həcmi Ağcabədi rayonunda 76 milyon 70 min manat, Bərdə rayonunda 72 milyon 967 min manat, Ağdam rayonunda 30 milyon 728 min manat, Tərtər rayonunda 28 milyon 680 min manat, Füzuli rayonunda 26 milyon 772 min manat, Şuşa rayonunda 6 milyon 496 min manat, Xocavənd rayonunda 1 milyon 19 min manat, Xocalı rayonunda 124 min manat təşkil edib.
2023-cü ildə Şərqi Zəngəzur iqtisadi rayonunda 18 milyon 852 min manat həcmində sənaye məhsulu istehsal edilib. Bu iqtisadi rayonda ən çox sənaye istehsalı 11 milyon 189 min manat həcmlə Laçın rayonunda olub. Cəbrayıl rayonunda sənaye istehsalı 3 milyon 344 min manat, Kəlbəcər rayonunda 2 milyon 7 min manat, Qubadlı rayonunda 1 milyon 187 min manat, Zəngilan rayonunda 1 milyon 124 min manat təşkil edib.
2023-cü ildə Azərbaycanda ümumilikdə 66 milyard 619 milyon 55 min manat həcmində sənaye məhsulu istehsal olunub.
Hansı bitkiçilik məhsullarına üstünlük verilir?
Ötən il Qarabağ iqtisadi rayonunda 409 486,4 ton dənli və dənli paxlalı bitkilər (illik 0,04% çox), ondan 22 583,8 ton dən üçün qarğıdalı (illik 12,2% az), 74 473,7 ton pambıq (illik 22,2% az), 23 842 ton ilkin çəkidə şəkər çuğunduru (illik 41,2% çox), 6 824,6 ton ilkin çəkidə dən üçün günəbaxan (illik 2,8% az), 55 600,9 ton bostan məhsulları (illik 10,5% az), 17 162,8 ton kartof (illik 20,2% çox), 284 898,7 ton tərəvəz (illik 2,2% çox), 58 444,4 ton meyvə və giləmeyvə (illik 6,3% çox), 8 146,4 ton üzüm (illik 2% çox) istehsal edilib.
İl ərzində Şərqi Zəngəzur iqtisadi rayonunda isə 19 102,7 ton dənli və dənli paxlalı bitki (illik 33% az), ondan 90 ton dən üçün qarğıdalı (illik 3,9 dəfə az), 419 ton şəkər çuğunduru (illik 35,5% az), 68,3 ton ilkin çəkidə dən üçün günəbaxan (əvvəlki il olmayıb), 67,9 ton bostan məhsulları (illik 36,1% çox), 1 120,5 ton kartof (illik 89,3% çox), 1 463,2 ton tərəvəz (illik 26,5% çox), 1 299,7 ton meyvə və giləmeyvə (illik 4,5 ton çox), 225,8 ton üzüm (illik 3,4 ton çox) istehsalı olub.
12 ayda Azərbaycanda 3 milyon 248 min 591,2 ton dənli və dənli paxlalı bitki, ondan 293 114,1 ton dən üçün qarğıdalı, 276 310,9 ton pambıq, 219 785,1 ton şəkər çuğunduru, 29 309,8 ton dən üçün günəbaxan, 438 198,2 ton bostan məhsulları, 1 milyon 010 min 517,4 ton kartof, 1 milyon 825 min 592,4 ton tərəvəz, 1 milyon 261 min 309,7 ton meyvə və giləmeyvə, 224 517,1 ton üzüm istehsal edilib.
Şərqi Zəngəzurun heyvandarlıq sahəsində artım müşahidə olunur
2024-cü il yanvarın 1-nə Qarabağ iqtisadi rayonunda iribuynuzlu mal-qaranın sayı 300 892, o cümlədən inək və camışların sayı 145 759 olub. Bu isə bir il əvvəlki göstərici ilə müqayisədə müvafiq olaraq 0,2% və 0,6% azdır. Həmin tarixə Şərqi Zəngəzur iqtisadi rayonunda 96 169 iribuynuzlu mal-qara, o cümlədən 44 038 inək və camış olub ki, bu da illik müqayisədə müvafiq olaraq 2,2% və 1,6% çoxdur.
Qoyun və keçilərin sayı Qarabağ iqtisadi rayonunda 6,4% azalaraq 676 411-ə, Şərqi Zəngəzur iqtisadi rayonunda isə 2,9% artaraq 453 244-ə çatıb. Eyni zamanda Şərqi Zəngəzur iqtisadi rayonunda donuzların sayı 49% azalaraq 50-ə enib.
Bu ilin əvvəlinə ölkədə 2 milyon 502 min 444 (illik 4,4% az) iri buynuzlu mal-qara, o cümlədən, 1 milyon 235 min 544 (illik 4,1% az) inək və camış, 7 milyon 081 min 634 (illik 8,6% az) qoyun və keçi, 4 469 (illik 2,9% az) donuz olub.
Yükdaşımalar artır
Ötən il Qarabağ iqtisadi rayonu üzrə avtomobil nəqliyyatı ilə 4 milyon 368 min ton yük daşınıb. Bu isə 2022-ci illə müqayisədə 9% çoxdur. İqtisadi rayona daxil olan Ağcabədi rayonu üzrə avtomobil nəqliyyatı ilə yükdaşımaların həcmi 2 milyon 8 min ton (illik 9,9% çox), Ağdam rayonu üzrə 439 min ton (illik 7,1% çox), Bərdə rayonu üzrə 1 milyon 239 min ton (illik 9% çox), Füzuli rayonu üzrə 113 min ton (illik 6,6% çox), Xocalı rayonu üzrə 44 min ton (illik 4,8% çox), Xocavənd rayonu üzrə 37 min ton (illik 5,7% çox), Şuşa rayonu üzrə 83 min ton (illik 7,8% çox), Tərtər rayonu üzrə 405 min ton (illik 8,9% çox) təşkil edib.
İl ərzində Şərqi Zəngəzur iqtisadi rayonu üzrə avtomobil nəqliyyatı ilə 869 min ton yük daşınıb. Bu isə 2022-ci illə müqayisədə 6% çoxdur. İqtisadi rayona daxil olan Cəbrayıl rayonu üzrə avtomobil nəqliyyatı ilə yükdaşımalar 190 min ton (illik 6,7% çox), Kəlbəcər rayonu üzrə 276 min ton (illik 6,2% çox), Qubadlı rayonu üzrə 122 min ton (illik 5,2% çox), Laçın rayonu üzrə 181 min ton (illik 5,8% çox), Zəngilən rayonu üzrə 100 min ton (illik 5,3% çox) təşkil edib.
12 ayda ölkədə avtomobil nəqliyyatı ilə ümumilikdə 134 milyon 216 min ton yük daşınıb ki, bu da illik müqayisədə 6,5% çoxdur.
Qarabağda sərnişindaşımalar Şərqi Zəngəzuru üstələyir
2023-cü ildə Qarabağ iqtisadi rayonu üzrə avtomobil nəqliyyatı ilə 30 milyon 314 min nəfər sərnişin daşınıb ki, bu da 2022-ci illə müqayisədə 18% çoxdur. O cümlədən, Ağcabədi rayonu üzrə 5 milyon 971 min nəfər (illik 18,4% çox), Ağdam rayonu üzrə 1 milyon 996 min nəfər (illik 14,4% çox), Bərdə rayonu üzrə 12 milyon 593 min nəfər (illik 18,1% çox), Füzuli rayonu üzrə 394 min nəfər (illik 14,5% çox), Xocalı rayonu üzrə 750 min nəfər (illik 14,2% çox), Xocavənd rayonu üzrə 639 min nəfər (illik 13,5% çox), Şuşa rayonu üzrə 1 milyon 36 min nəfər (illik 19,1% çox), Tərtər rayonu üzrə 6 milyon 935 min nəfər (illik 19,4% çox) sərnişin daşınıb.
Şərqi Zəngəzur iqtisadi rayonu üzrə isə ötən il avtomobil nəqliyyatı ilə sərnişindaşıma 13 milyon 60 min nəfər olub. Bu da illik müqayisədə 12,9% çoxdur. O cümlədən, Cəbrayıl rayonu üzrə avtomobil nəqliyyatı ilə sərnişin daşınması 3 milyon 625 min nəfər (illik 13,5% çox), Kəlbəcər rayonu üzrə 3 milyon 308 min nəfər (illik 12,7% çox), Qubadlı rayonu üzrə 1 milyon 601 min nəfər (illik 12,6% çox), Laçın rayonu üzrə 2 milyon 935 min nəfər (illik 12,8% çox), Zəngilan rayonu üzrə 1 milyon 591 min nəfər (illik 12,6% çox) təşkil edib.
İl ərzində ölkənin iqtisadi rayonları və inzibati vahidləri üzrə avtomobil nəqliyyatı ilə 1 milyard 694 milyon 105 min nəfər sərnişin daşınıb ki, bu da illik müqayisədə 20,6% çoxdur.
İnformasiya və rabitə xidmətləri artır
Ötən il Qarabağ iqtisadi rayonu üzrə göstərilən informasiya və rabitə xidmətlərinin dəyəri 15,1% artaraq 6 milyon 457,2 min manat olub. O cümlədən, Ağcabədi rayonu üzrə 1 milyon 349,5 min manat (illik 10,7% az), Ağdam rayonu üzrə 842,7 min manat (illik 0,7% az), Bərdə rayonu üzrə 2 milyon 713 min manat (illik 39,8% çox), Füzuli rayonu üzrə 672,2 min manat (illik 72,7% çox), Tərtər rayonu üzrə 879,8 min manat (illik 4,4% az) informasiya və rabitə xidməti göstərilib.
Şərqi Zəngəzur iqtisadi rayonu üzrə (yalnız Cəbrayıl rayonunda) əhaliyə 299 min manat dəyərində informasiya və rabitə xidməti göstərilib ki, bu da illik müqayisədə 21,2% çoxdur.
İl ərzində ölkədə əhaliyə göstərilən informasiya və rabitə xidmətlərinin dəyəri 16,9% artaraq 3 milyard 222 milyon 954,5 min manat olub.
Əhaliyə göstərilən ödənişli xidmətlər
2023-cü ildə Qarabağ iqtisadi rayonunda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 273 milyon 897,9 min manat təşkil edib. Bu, 2022-ci illə müqayisədə 11% artım deməkdir. O cümlədən, Ağcabədi rayonu üzrə əhaliyə 69 milyon 828,9 min manat (illik 15,2% çox), Ağdam rayonu üzrə 5 milyon 567,1 min manat (illik 6,3% çox), Bərdə rayonu üzrə 144 milyon 980 min manat (illik 7,2% çox), Füzuli rayonu üzrə 16 milyon 432,1 min manat (illik 6,5% çox), Şuşa rayonu üzrə 5 milyon 765,2 min manat (illik 257,7% çox), Tərtər rayonu üzrə 31 milyon 324,6 min manat (illik 9,7% çox) dəyərində ödənişli xidmət göstərilib.
İl ərzində Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ümumilikdə 14% artaraq 11 milyard 411 milyon 608,8 min manata çatıb.
İctimai iaşə dövriyyəsi artır
Ötən il Qarabağ iqtisadi rayonunda ictimai iaşə dövriyyəsi 42 milyon 142,4 min manat olub. Bu isə əvvəlki illə müqayisədə 15,7% çoxdur. O cümlədən, Ağcabədi rayonu üzrə ictimai iaşə dövriyyəsi 12 milyon 812,8 min manat, (illik 8,6% çox), Ağdam rayonu üzrə 57 min manat (illik 8,6% çox), Bərdə rayonu üzrə 22 milyon 298 min manat (illik 14% çox), Füzuli rayonu üzrə 29,8 min manat (illik 7,1% çox), Şuşa rayonu üzrə 3 milyon 164,6 min manat (illik 89,4% çox), Tərtər rayonu üzrə 3 milyon 780,2 min manat (illik 13,5% çox) olub.
İl ərzində Azərbaycanın ümumi ictimai iaşə dövriyyəsi 15,2% artaraq 2 milyard 41 milyon 516,9 min manat təşkil edib.
Qarabağ orta aylıq əməkhaqqına görə Şərqi Zəngəzurdan geri qalır
2024-cü ilin yanvarın 1-nə Qarabağ iqtisadi rayonunda muzdla çalışan işçilərin sayı 65,3 min nəfər, orta aylıq nominal əməkhaqqı 602,3 manat, qeydiyyata alınmış işsiz şəxslərin sayı 19 min 431 nəfər, onlardan işsizlikdən sığorta ödənişi alanlar 78 nəfər olub.
Şərqi Zəngəzur iqtisadi rayonunda isə 22,4 min nəfər muzdlu işçi çalışıb, orta aylıq nominal əməkhaqqı 653 manat olub, 9 min 346 nəfər işsiz şəxs qeydiyyata alınıb, 16 nəfər isə işsizlikdən sığorta ödənişi alıb.
İl ərzində ölkə üzrə bu göstəricilər müvafiq olaraq 1 milyon 741,8 min nəfər, 933,8 manat, 217 608 nəfər və 2 797 nəfər təşkil edib.
Yeni iş yerləri yaradılır
Ötən il Qarabağ iqtisadi rayonunda 984 yeni iş yeri açılıb. Bu da 2022-ci illə müqayisədə 7% çoxdur. O cümlədən, Ağcabədi rayonunda 113, Ağdam rayonunda 135, Bərdə rayonunda 115, Füzuli rayonunda 52, Xocalı rayonunda altı, Xocavənd rayonunda 52, Şuşa rayonunda 275, Tərtər rayonunda 236 yeni iş yeri açılıb.
Şərqi Zəngəzur iqtisadi rayonunda ötən il illik müqayisədə 3,4 dəfə çox, yəni 751 yeni iş yeri açılıb. O cümlədən, Cəbrayıl rayonu üzrə yeni açılmış iş yerlərinin sayı 64, Kəlbəcər rayonu 28, Qubadlı rayonu üzrə səkkiz, Laçın rayonu üzrə 625, Zəngilan rayonu üzrə 26 olub.
Əhali
Yanvarın 1-nə Qarabağda əhalinin sayı ümumi ölkə əhalisinin 7,3%-ni təşkil edib, yəni 743 196 nəfər olub. Şərqi Zəngəzurda isə əhalinin sayı 30 542 nəfər təşkil edib ki, bu da həmin dövrdə ümumi ölkə əhalisinin 3%-nə bərabərdir.
İstifadəyə verilən obyektlər
Qeyd edək ki, ötən il Ağdam rayonunda Bərdə-Ağdam avtomobil yolu, Cəbrayıl rayonunda “Cəbrayıl” qovşaq elektrik yarımstansiyası, Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzi, Füzuli rayonunda Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzi, Füzuli-Hadrut avtomobil yolu, Bərdədə Qarabağ Regional DOST Mərkəzinin və Qarabağ Regional Peşə Hazırlığı Mərkəzi, Xocavənd rayonunda Rəqəmsal İdarəetmə Mərkəzi, “Hadrut” qovşaq yarımstansiyası, Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu, Kəlbəcər rayonunda hərbi hospital, “Qamışlı” və “Meydan” kiçik su elektrik stansiyaları, “Çıraq-1” və “Çıraq-2” kiçik su elektrik stansiyaları, “Soyuqbulaq” kiçik su elektrik stansiyası, Laçın rayonunda “Qorçu” yarımstansiyası, “Laçın” şəhər yarımstansiyası, “Həkəri Balıq Təsərrüfatı”, Laçın rayonunun sənaye zonasında mebel fabriki, “Mişni” və “Alxaslı” kiçik su elektrik stansiyaları, Tərtər rayonunda Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası avtomobil yolu, Suqovuşan qəsəbəsində istirahət parkı, Şuşa rayonunda Zarıslıçay nasos stansiyası, Şuşa Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzi, Şuşa Hotel-Konqres Mərkəzi Kompleksi, Şuşa Yaradıcılıq Mərkəzi, “Yasəmən” hoteli, Yuxarı Gövhər Ağa məscidi, Saatlı məscidi, Milli Xalça Muzeyinin Şuşa filialı, Mehmandarovların malikanə kompleksi, Zəngilan rayonunda “Cahangirbəyli” su elektrik stansiyası, Zəngilan Konqres Mərkəzi Kompleksi və digər mühüm əhəmiyyətli obyektlər istifadəyə verilib.