"İşğaldan azad edilən ərazilərdə hər bir kilovat/saat enerji yaşıl mənbələr hesabına ərsəyə gələcək. Bu, yaşıl enerji zonasında əldə edilmiş ən böyük göstərici olacaq".
Oxu.Az xəbər verir ki, bunu 12-ci Beynəlxalq "Caspian Energy Forum"da Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) direktoru Cavid Abdullayev deyib.
Onun sözlərinə görə, Avropa İttifaqı atom enerjisini də, təbii qazı da təmiz enerji növlərinə aid edib, amma Qarabağ və Şərqi Zəngəzurda elektrik enerjisi yalnız yaşıl enerji mənbələri hesabına əldə olunacaq:
"Bu, önəmli bir amildir. İndiyə qədər su elektrik stansiyaları, Günəş stansiyası, "Xudafərin", "Qız qalası" stansiyaları ilə bağlı işlərin hamısı da bu məqsədlərə xidmət edir. Təbii ki, bu prosesə investorlar da cəlb olunmalıdırlar. SOCAR bu istiqamətdə geoterminalla bağlı önəmli məsələləri həyata keçirməyi hədəfləyir".
"Hazırda küləklə bağlı ölçmə prosesi gedir. Bir neçə şirkət, o cümlədən Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi də bu prosesdə iştirak edir. Biz küləyin potensialını Laçın, Kəlbəcər zonasında ölçüb, başa düşmək istəyirik ki, investora da dəqiq təqdim edə bilək. Oradakı şəbəkə ən müasir formatda formalaşıb. Əsasən, dairəvi 110 kVt-lıq yarımstansiyalar bir-biri ilə qarşılıqlı əlaqədədir. Yəni şəbəkənin də imkanları var, sadaladığım proseslər də var", - deyə agentliyin direktoru vurğulayıb.
O əlavə edib ki, yaşıl enerji zonası yalnız elektrik enerjisi və digər məsələlərlə bitmir:
"Bu, gündəmə başqa məsələləri də gətirir. Məsələn, elektromobillik üzrə milli fəaliyyət planı üzərində işləyirik ki, bu, işğaldan azad edilən ərazilərdə necə olacaq? Orada bizim əsas hədəf modeli ondan ibarətdir ki, bu fəaliyyət sahəsində tam liberallıq olsun. Kiçik və orta biznes orada iştirak edə bilsin və inhisarçılıq olmasın. Bu istiqamətdə də araşdırmalar gedir".
Mərahim Nəsib