"Təkcə 2012-2020-ci illərdə Çin bərpaolunan enerji mənbələrinə 700 milyarddan çox investisiya yatırıb. Amerika Birləşmiş Ştatları 356 milyard dollar, Almaniya 179 milyard dollar, Böyük Britaniya 122 milyard dollar bu mənbələrə ayırıb. Biz də qarşımıza məqsədlər qoymuşuq ki, heç də o ölkələrdən, o proseslərin icrasında geri qalmayaq".
Oxu.Az xəbər verir ki, bunu 12-ci Beynəlxalq "Caspian Energy Forum"da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədr müavini Samir Hümbətov deyib.
Onun sözlərinə görə, hazırda Günəş və külək enerjisi ilə bağlı müəyyən işlər aparılır:
"Təsəvvür edin ki, təkcə Xızıda istifadəyə verilən külək enerjisi stansiyası tam gücü ilə işlədikdə ildə 1 milyard kilovat/saat elektrik enerjisi istehsal olunacaq və atmosferə tullanılan karbon qazlarının, istixana effekti yaradan qazların azaldılmasına səbəb olacaq. O cümlədən ildə 110 000 000 kubmetr qaza qənaət olunacaq. Bu tip layihələrin davamı da gələcək. Ölkə Prezidenti işğaldan azad olunmuş əraziləri "yaşıl zona" elan edib və biz 2050-ci ilə qədər həmin ərazilərdə sıfır faiz emissiya olaraq bərpaolunmuş enerjilərdən istifadə etməyi nəzərdə tuturuq".
"KOBİA-nın da bu istiqamətdə öz vəzifə səlahiyyətləri, maliyyə rıçaqları var - yəni biz KOB subyektlərinə bu tip dəstəkləri nə formada göstərə bilərik ki, onlar da məhz yaşıl iqtisadiyyata meyillərini gücləndirsinlər və yaşıl maliyyələşmədə öz yerlərini tutsunlar. Bizim əlimizdə bir neçə rıçaq var. Biz həmin KOB subyektlərinə qrantlar verə bilirik. Bizim həyata keçirdiyimiz bir neçə müsabiqə çərçivəsində mikrosubyektlərə məhz yaşıl enerji ilə bağlı 19 layihəni əvəzsiz olaraq maliyyələşdirdik və onlara 330 000 manat həcmində maliyyə vəsaiti ayırdıq. Üstəlik, biz onlara startap şəhadətnaməsi veririk ki, onlar vergilərdən azad olsunlar. COP29 çərçivəsində biz iqlim maliyyələşməsi, yaşıl enerjidən istifadə və COP subyektlərinin bundan necə bəhrələnmələri ilə bağlı regionlarımızda və Bakı şəhərində sahibkarlar arasında təlimlər keçir və onların bilik və bacarıqlarının artırılmasına öz töhfəmizi veririk", - deyə qurum rəsmisi əlavə edib.
Mərahim Nəsib