Azərbaycan bu gün Ermənistan xaric bütün qonşularla mehriban, sıx müttəfiqlik qurmağa müvəffəq olub. Şimal qonşusu Rusiya ilə də münasibətləri özünün pik həddini yaşayır. Xalqlarımızı çoxəsrlik tarixi, iqtisadi, siyasi mədəni və hərtərəfli əlaqələr birləşdirir. Müasir dövrdə də bu münasibətlərin qurulmasında iki ölkə prezidentinin rolu əvəzsizdir. Bir faktı xüsusi qeyd etmək yerinə düşər ki, Rusiya təkcə öz regionunun deyil, həm də dünyanın aparıcı dövlətlərindən biridir, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri olaraq çoxqütblü dünya nizamında öz yerini qoruyub-saxlamağa, söz sahibi kimi çıxış etməyə çalışır.
Bəlli olduğu kimi, avqustun 18-də Rusiya Prezidenti Vladimir Putinin ölkəmizə səfərinin yekunları və müzakirə olunan məsələlər dünyanın diqqət mərkəzindədir. Bəzilərində obyektiv yanaşma olsa da, bir çoxlarında qərəzli və ikili standartlardan çıxış edilən hallara rast gəlinir. Məsələn, Ukraynanın sosial seqmentində, xüsusilə, "Facebook"da anti-Azərbaycan isterikası özünü açıq büruzə verib. Səbəb də sadəcə, gülüş və hiddət doğurur. Səfər zamanı SOCAR və "Qazprom" arasında planlı strateji tərəfdaşlıq razılaşmasının əldə olunması Ukrayna mediası və sosial şəbəkələrində Azərbaycana və SOCAR-a qarşı çirkin kampaniyanın başlanmasına gətirib çıxarıb.
Üzdəniraq ekspertlər qərəzli formada ölkəmizə qarşı fikirlər səsləndirib, hədyanlar yağdırıblar.
Əvvəla, ondan başlayaq ki, Azərbaycan Ukraynada müharibə başlayandan bəri bu ölkəyə dəstək nümayiş etdirib. Onun ərazi bütövlüyünü ən müxtəlif tribunalarda dəstəkləyib. Bundan əlavə, Ukraynanın müharibədən əziyyət çəkən bölgələrinə hərtərəfli yardımlar göstərib. Yəni indiyədək heç vaxt Ukraynaya zərbə olacaq heç bir işə əl qoymayıb. Ukraynalı ekspertlər və erməni təsiri altında olan media, müxtəlif ranqlı mütəxəssislər isə nə Azərbaycanın Ukraynaya göstərdiyi yardımlar, nə də SOCAR-ın humanitar fəaliyyəti və s. barədə danışıblar.
İkincisi, bir mərkəzdən idarə olunan bu dairələr anlamalıdırlar ki, Azərbaycanın xarici siyasəti dövlətin maraqlarına söykənir, özünün siyasətini müstəqil şəkildə qurur. Bunun nəticəsi də göz qabağındadır. Ukraynadan fərqli olaraq, çoxvektorlu siyasət aparır və bütün qonşularla müttəfiqlik münasibətləri qurmağa çalışır.
Üçüncüsü, bir qədər sərt çıxsa da, deməliyik ki, Azərbaycanın indiyədək Ukrayna ilə bağlı tutduğu mövqeni görməzdən gələnlər unudurlar ki, bizim heç kəsə borcumuz, öhdəliyimiz yoxdur. Azərbaycan 30 il torpaqlarının işğal altında olduğu zaman heç kəsdən, o cümlədən Ukraynadan hansısa əməli dəstək görməyib, amma bunu xüsusi olaraq qabartmayıb da.
Dördüncüsü, Azərbaycan öz ərazilərini qaytarmaq üçün nə Avropa İttifaqı, nə ABŞ-dən, nə Rusiyadan pulsuz silah-sursat hədiyyəsi alıb. Azərbaycan öz ordusunu özü qurub. Hazırda müharibə aparan Ukrayna isə bütün dünyadan silah-sursat və hər cür müasir silahlar alır. Lakin ortada bir nəticə yoxdur.
Beşincisi, Azərbaycan torpaqlarını işğal edən Ermənistana Ukraynanın verdiyi önəm yaddan çıxmamalıdır. Bu gün Vladimir Putinin Azərbaycana səfərinə görə bizi tənqid edən Ukrayna sosial seqmenti nədən torpaqlarımızın işğalında və Xocalı soyqırımında birbaşa şəxsən iştirak etmiş Serj Sarqsyanın Ukraynaya səfərinə heç bir reaksiya verməyib. Onun Ukrayna prezidenti ilə görüşləri zamanı Azərbaycan isterik reaksiya verməyib, çünki Ukraynanın Azərbaycana görə öz xarici siyasətini qurmaq kimi öhdəliyi yox idi, necə ki bu gün Azərbaycanın öhdəliyi yoxdur. Amma bizdən fərqli olaraq, Ukraynada indi bəziləri düşünürlər ki, Azərbaycan Ukraynaya görə öz balanslı siyasətindən imtina etməli və mehriban qonşuluq siyasətindən əl çəkməlidir.
Şübhəsiz ki, bu tip fikirləri sosial mediada yayanlar erməni lobbisinin təsiri altında olanlardır. Xalqlarımız arasında nifaq salmağa çalışan qüvvələrin yadına salaq ki, Birinci Qarabağ müharibəsi zamanı Ukrayna millətindən olanlar döyüşlərdə iştirak ediblər. Eləcə də, bu gün Ukrayna vətəndaşı olan azərbaycanlılar onun ordusunun sıralarında döyüşürlər. Bu səbəbdən də manipulyasiyalar aparmaq yersizdir.
Ən əsası - SOCAR-ın "Qazprom"la razılaşmasına görə Azərbaycan şirkətinə qarşı çirkin kampaniyaya başlamaq absurddur. Bunu isbat edən bir faktı nümunə göstərmək kifayətdir - Ukrayna Rusiya ilə müharibə vəziyyətində ola-ola öz ərazisindən Rusiya qazının tranzitini dayandırmayıb. Buna görə də bu günə kimi pul alır. Dünyada gedən heç bir müharibədə buna rast gəlməmişik. Hətta son günlərin əsas müzakirə mövzusu olan Kursk ərazisindəki Sudja qazölçmə stansiyasının ukraynalıların nəzarətinə keçməsindən sonra da qaz nəqli davam edir. Elə Avropa İttifaqı və Ukraynanın özü Azərbaycandan "Qazprom"la əməkdaşlıq edərək Ukrayna ərazisindən Avropaya qaz nəqlini xahiş ediblər. Digər tərəfdən, bu gün SOCAR-ı boykot etməyə çağıranlar unutmamalıdırlar ki, müharibə davam edən dövrdə məhz Azərbaycan şirkəti təcili tibbi yardım avtomobillərini təmənnasız şəkildə yanacaqla təmin edir və SOCAR-ın bu gün o bazarı tərk etməsinin ağrısını elə Ukrayna çəkəcək.
Müharibə nəticəsində dağıdılmış İrpen şəhərinə olan dəstəyi də xatırlamaq yerinə düşər. Heç vaxt Azərbaycan tərəfi öz yardımının geniş piar olunmasında maraqlı olmayıb. Amma "boykot" səsləndirənlər də İrpendə abad edilmiş bir daşı daş üstündən götürməyə razı olmazlar axı.
Düzdür, anti-Azərbaycan ritorika Ukrayna sosial şəbəkələrində, ekspert dairələrində və mediasında səslənir. Lakin maraqlıdır ki, hakimiyyətin baş verənlərə sərt reaksiyasını görmürük. Belə ki, Ukrayna hakimiyyəti Azərbaycana qarşı bu iyrənc kampaniyanı sakit izləyir, halbuki, bu gün hərbi şəraitdə Ukrayna mediası tam nəzarət altında və senzuradadır. Bu o deməkdirmi ki, bu başlanan kampaniyanı elə hakimiyyət özü təşkil edib? Ümid etmək olar ki, bu, sadəcə, bir ehtimaldır. Rəsmi Kiyev dərhal və təxirəsalınmaz formada bu böhran və rəzil kampaniyaya son qoymalıdır. Əks halda, bundan ziyan çəkən yalnız və yalnız Ukrayna olacaq. Azərbaycan üçün prioritet - qonşularla münasibətlərin müttəfiqlik əsaslarla möhkəmlənməsi olub və belə də qalacaq.
"Report" İnformasiya Agentliyi