"Bu ilin altı ayı ərzində daş karxanalarına münasibətdə biz 58 akt və protokol tərtib etmişik, ümumilikdə 254 min manat ziyan və cərimə onlara ödətdirilib, 49 iş hüquq-mühafizə orqanlarına, 41 iş icra şöbələrinə və üç iş məhkəmələrə göndərilib".
Oxu.Az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.
O qeyd edib ki, daş karxanalarının fəaliyyəti ümumilikdə ölkənin tikinti sektoruna birbaşa təsir edən əsas fəaliyyət sahələrindən biridir:
"Ona görə çox vacibdir ki, daş karxanalarının fəaliyyəti mövcud qanunvericiliyə, qüvvədə olan normativlərə uyğun təşkil edilsin.
Hamıya məlumdur ki, uzun illərdən bəri bu sahədə çox ciddi problemlər olub - sahənin tənzimlənməməsi, müəyyən normativlərin olmaması, karxanaların müvafiq icazələr əsasında fəaliyyətinin təşkil olunmaması, ərazilərin qeydiyyatının olmaması və digər bu kimi amillər.
Həmçinin, daş karxanaları dedikdə biz elə düşünürük ki, burada söhbət yerin təkindən istifadədən gedir. Amma nəzərə almalıyıq ki, onların fəaliyyəti bilavasitə ətraf mühitlə bağlı digər sahələrə də toxunur. Yəni ətraf mühitə çoxlu sayda atqılar həyata keçirir, tullantı sularını həmin ərazilərə və çaylaqlara axıdırlar və s. Dövlət Ekoloji Nəzarət Xidməti də öz fəaliyyətini məhz həmin amillərin neqativ təsirlərinin aradan qaldırılması istiqamətində təşkil edir.
Qeyd etmək istərdim ki, fəaliyyətimizin əsas məqsədi həmin karxana sahiblərinə cərimələrin tətbiqi və yaxud onları hər hansı mənfi nəticələrlə qarşı-qarşıya qoymaq deyil. Onları qanunvericiliyin göstərişlərinə əməl etməyə dəvət etməkdir".
"Bu ilin altı ayı ərzində daş karxanalarına münasibətdə biz 58 akt və protokol tərtib etmişik, ümumilikdə 254 min manat ziyan və cərimə onlara ödətdirilib, 49 iş hüquq-mühafizə orqanlarına, 41 iş icra şöbələrinə və üç iş məhkəmələrə göndərilib".
Əzizə İsmayılova