Lənkəranda baş verən kütləvi davada beş nəfər xəsarət alıb.
APA xəbər verir ki, gənclər arasında yaranan kütləvi dava təsadüfən baş verib. İlkin məlumata görə, mübahisəyə səbəb tərəflərdən birinin axşam saatlarında kənd yolunda avtomobili yüksək sürətlə idarə etməsi olub. Qarşı tərəfin avtomobili saxlatdırıb irad bildirməsi ilə mübahisə yaranıb və zərbənin təsirindən gənclərdən biri yıxılaraq yol kənarında olan dəmir məhəccərin üstünə düşüb. O, döş qəfəsi nahiyəsindən kəsici-deşici xəsarət alıb.
Kütləvi dava nəticəsində ümumilikdə 5 nəfər xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Qeyd edək ki, hadisə ötən gecə Lənkəran rayonunun Ürgə kəndi ərazisində qeydə alınmışdı.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, şəxsi münasibətlər zəminində baş vermiş həmin insidentlə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.
Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin olunub. Araşdırmanın nəticəsində məsələyə hüquqi qiymət veriləcək.
Lənkəranda kütləvi davanın təfərrüatı məlum olub
Rəylər