Ali Məhkəmədə Gəndob-Yalama yolunun Şabranın Ağalıq kəndi ərazisindən keçən hissəsində "Volvo" markalı TIR-la dəhşətli qəza törədən Rusiya vətəndaşı, 2000-ci il təvəllüdlü Abduljalil Elbrusoviç Azizovun barəsindəki qərardan verilən kassasiya şikayətinə baxılıb.
Pravda.az xəbər verir ki, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Xatırladaq ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Sumqayıt Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməyib.
Qeyd edək ki, A.Azizova qarşı Cinayət Məcəlləsinin 263.3-cü (2 və ya daha artıq şəxsin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmə) maddəsi ilə ittiham elan olunub.
Məhkəmədə A.Azizov deyib ki, hadisədən bir neçə saniyə əvvəl idarə etdiyi yük maşınının qarşısına it çıxıb.
Bu səbəbdən qarşıdan gələn Gəndob istiqamətində hərəkətdə olan 1960-cı il təvəllüdlü Zəbişah Əbdülhəqq oğlu Əfəndiyevin idarə etdiyi VAZ-21061, 1985-ci il təvəllüdlü Cəbrayıl Elşad oğlu Paşayevin idarə etdiyi "Opel Vectra" və 1987-ci il təvəllüdlü Tural Əjdər oğlu Nuriyevin idarə etdiyi VAZ-211440 avtomobillərlə toqquşub və yük avtomobili yolun sol kənarına çıxaraq aşıb.
Qəza nəticəsində VAZ-211440 nəqliyyat vasitəsində olan sərnişinlər 1960-cı il təvəllüdlü Əli Hacıbaba oğlu Babayev və onun həyat yoldaşı 1960-cı il təvəllüdlü Səlminaz Xudat qızı Babayeva, eləcə də VAZ-21061 nəqliyyat vasitəsində olan sərnişin 2014-cü il təvəllüdlü Həqiqət Kamil qızı Quliyeva ölüblər, sürücülərsə ağır xəsarət alıblar.
Rəylər