Yol polisinin qanuni tələbinə riayət etməyən sürücü həbs olunub.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) bildirilib.
Məlumata görə, DYP əməkdaşları tərəfindən yol hərəkəti qaydasını pozduğu üçün 10-XM-064 dövlət qeydiyyat nişanlı VAZ-21214 avtomobilin sürücüsünə "saxla" işarəsi verilsə də, o buna məhəl qoymayaraq, hərəkətini davam etdirib. Daha sonra sürücü yol polisinin saxlamaq tələbini yerinə yetirməməsini əks etdirən videogörüntünü şəxsi sosial şəbəkə hesabında paylaşıb.
Görülən tədbirlər nəticəsində nəqliyyat vasitəsinin sürücüsü Yasin Rasim oğlu Quliyev Nizami Rayon Polis İdarəsinin DYP şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, saxlanılan zaman yol polisinin qanuni tələblərinə riayət etmədiyi üçün rayon polis bölməsinə təhvil verilib.
Sürücü barəsində toplanılmış materiallar baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücü Y.Quliyev Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilindiyi üçün səkkiz sutka inzibati qaydada həbs edilib.
Rəylər