Ötən axşam Nyu-York və Nyu-Cersi (ABŞ) sakinləri qeyri-adi səma hadisəsinin şahidi olublar. Belə ki, onlar şəhərin üzərindən keçən və arxasında parlaq iz buraxan "od kürəsi" barədə xəbər veriblər. Bildirilib ki, bundan sonra gurultu və yeraltı təkanlar hiss edilib. Hadisə şəhər sakinləri arasında çaxnaşma yaradıb.
Oxu.Az-ın verdiyi məlumata görə, NASA səma cismi barədə xəbəri təsdiqləyib.
Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi meqapolis üzərindən meteorit uçduğunu və parçalandığını bildirib.
"Bu məlumatlara əsasən, biz təxmin edirik ki, meteorit ilk dəfə Yuxarı Nyu-York körfəzi üzərində 79 kilometr hündürlükdə görünüb. Saatda 54 700 kilometr sürətlə şimaldan bir qədər şərqə doğru hərəkət edən səma cismi şaquli xətdən cəmi 18 dərəcəlik kəskin bucaq altında enərək, Azadlıq heykəlinin üzərindən keçib və Manhettenin mərkəzi hissəsinin üzərində 47 kilometr hündürlükdə parçalanıb".