Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, tanınmış ictimai xadim, Xalq şairi Rəsul Rzanın anadan olmasının 114-cü ildönümü tamam olur.
Oxu.Az xəbər verir ki, poeziyanı yeni forma və üslub keyfiyyətləri, məzmun rəngarəngliyi, orijinal obrazlarla zənginləşdirmiş novator şair Rəsul Rzanın yaradıcılığı XX əsr Azərbaycan ədəbiyyatı tarixinin ən parlaq səhifələrindən birini təşkil edir. Rəsul Rza analitik bədii idrak, mövzuya dərindən nüfuz etmək bacarığı, həyat hadisələrinə fəlsəfi münasibətlə seçilən poeziyası ilə yanaşı, ədəbi tənqid və publisistika, dünya poeziyasının ən gözəl nümunələrinin tərcüməsi sahələrində də zəngin irs qoyub.
İkinci Dünya müharibəsi illərində AzTAq-ın (indiki AZƏRTAC-ın) hərbi müxbiri kimi Rəsul Rza xalqın qəhrəmanlıq mübarizəsini, qələbəyə inamını, humanizmini əks etdirən əsərlər yaradıb. Onun müharibə illərində yazdığı "Vətən", "İntiqam! İntiqam…" şeirlər kitabları, "Ölməz qəhrəmanlar", "Qəzəb və məhəbbət" hekayə və oçerk toplular, "Vəfa" pyesi və s. dillər əzbəri idi.
Ötən əsrin 60-cı illərində Rəsul Rza yaradıcılığının mövzu dairəsi əhəmiyyətli dərəcədə yeniləşmiş, poeziyasında intellektual mənbə, analitik bədii idrak, müasir həyat hadisələrinə fəlsəfi yanaşma meyilləri güclənmişdir. Şairin "Şeirlər", "Pəncərəmə düşən işıq", "Duyğular, düşüncələr", "Dözüm" şeirlər kitablarında, "Qızıl gül olmayaydı", "Bir gün də insan ömrüdür", "Xalq həkimi" poemalarında həmin tendensiya özünü daha qabarıq şəkildə göstərir.
Görkəmli poeziya ustasının "Rənglər" silsiləsində isə XX əsr insanının mənəvi aləmi rənglərin doğurduğu assosiasiyalar vasitəsilə açılır. Müasirlik Rəsul Rzanın 70-ci illər yaradıcılığının da əsas mövzusu olub.
Şairin bədii tərcümə sahəsində uğurları da ölçüyəgəlməzdir. Rəsul Rza Nizami Gəncəvinin "Xosrov və Şirin", Esxilin "Zəncirlənmiş Prometey" əsərlərini, V.Mayakovskinin şeir və poemalarını, A.Nekrasovun "Rus elində kimin günü xoş keçir", H.Lonqfellonun "Hayavata haqqında mahnı" poemalarını, C.Bayron, A.Puşkin, H.Heyne, M.Lermontov, T.Şevçenko, Ş.Petöfi, A.Blok, N.Hikmət, P.Elüar, F.Qarsia Lorka, V.Nezval, habelə Asiya və Afrika şairlərinin əsərlərini böyük sənətkarlıqla Azərbaycan dilinə çevirib. Əsərləri bir sıra xarici dilə tərcümə edilib, bir çox şeirlərinə musiqilər bəstələnib.
Sərbəst şeirin görkəmli nümayəndələrindən olan Xalq şairi Rəsul Rza 1981-ci il aprelin 1-də əbədiyyətə qovuşsa da, poetik ömrünü yaşayır.
Cismani yoxluğundan 43 il ötsə də, şairin tükənməz ilhamının bəhrəsi olan yaradıcılıq məhsulları həmişə sevilir, öz müəllifini və yaradıcısını unudulmağa qoymur.
Qanadlı misraları bu günümüzə körpü salan Rəsul Rza poeziyası ədəbiyyat tariximizdə əbədi yeri olan qollu-budaqlı çinar kimidir. Yaşıl çətiri ilə poeziyasevərlərin ürəyinə sərinlik, könlünə xoş duyğular gətirən bu çinar ağacının müasir nəsr tariximizdə öz yeri olan yazıçı Anar kimi qol-budağı, gənc və istedadlı qələm sahibi Günel Anarqızı kimi pöhrəsi var...