Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsinin arxeoloji ekspedisiyası Babək rayonunun Göynük kəndi ərazisində yerləşən "Bülövqaya" qədim yaşayış yerində arxeoloji qazıntılar aparır.
"Report"un məlumatına görə, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev jurnalistlərə açıqlamasında bildirib ki, Bülövqaya yaşayış yeri yalnız Naxçıvanın deyil, ümumiyyətlə, Azərbaycanın, Cənubi Qafqazın və Yaxın Şərqin tarixini öyrənmək baxımından çox əhəmiyyətli yaşayış yeridir:
"Burada aparılan tədqiqatlar zamanı Ubeyd tayfaları ilə bağlı olan maddi-mədəniyyət nümunələri aşkar edilib. Araşdırmalar bu yaşayış yerinin köçmə maldarlıqla məşğul olan insanlara aid olduğunu göstərir. Bu tayfalar Yaxın Şərq ölkələrindən Qafqaz dağlarına doğru yaylaqlara köç edərkən burada müvəqqəti olaraq yerləşiblər".
AMEA Naxçıvan Bölməsinin sədri İsmayıl Hacıyev qədim yaşayış yerində aparılan tədqiqat işləri ilə tanış olub.
Bildirilib ki, araşdırmalar bu yaşayış yerinin eradan əvvəl V minillikdə köçmə maldarlıqla məşğul olan insanlara aid olduğunu göstərir:
"Bu tayfalar köçəri həyat tərzi keçirib, yüngül konstruksiyalı, ya da çadır tipli evlərdə yaşayıblar. Burada aşkar olunan qiymətli tapıntılar boyalı keramika məmulatından ibarətdir. İndiyədək 200-dən artıq boyalı keramika aşkar olunub. İlkin tədqiqatlar bu keramika məmulatının Şimali Mesopatomiyadan köç edən Ubeyd tayfalarına və Ubeyd mədəniyyətinə aid olduğunu təsdiqləyir.
İndiyədək Azərbaycanda, o cümlədən, Naxçıvanda Xalaf və Ubeyd mədəniyyəti ilə bağlı müəyyən tapıntılar əldə edilib. Lakin bu ərazidən aşkarlanan nümunələr Yaxın Şərq ölkələri ilə əlaqələri daha aydın təsəvvür etməyə imkan verir. Araşdırmalar göstərir ki, Ubeyd tayfaları qonşuların vasitəsilə deyil, birbaşa özləri xammal mənbələrinə doğru hərəkət ediblər".
Rəylər