Xankəndidə separatçıların tikdikləri binalar sökülür. Bunlardan biri “Artsaxı azad etmiş döyüşçülər ittifaqı”nın binasıdır. Zirzəmi, yarımzirzəmi və mezonin mərtəbədən ibarət binanın ümumi sahəsi 1 886 kvadratmetrdir, yuxarıdan baxdıqda xaç işarəsini xatırladır. Binanın adı üçün seçilən ifadə Azərbaycanın tarixi və suveren ərazilərinin adlarını təhrif edir, elə tikilmə forması da təxribatdır.
Xankəndi şəhərindəki mərkəzi meydandakı binanın açılışı 9 may 2013-cü il tarixində baş tutub. Mərasimdə Ermənistanın ozamankı prezidenti Serj Sarqsyan və vaxtı ilə mövcud olmuş qondarma rejimin “rəhbəri” Bako Saakyan iştirak ediblər.
İkinci separatizm simvolu vaxtı ilə mövcud olmuş qondarma rejimin “parlament” binasıdır. Ümumi sahəsi 1 350 kvadratmetr olan binanın açılışı separatçı rejimin elan olunmasının 16-cı ildönümü günü - 2 sentyabr 2007-ci ildə olub.
Mərasimdə iştirak edən Ermənistan parlamentinin ozamankı spikeri Tiqran Torosyan bu binanı “Dağlıq Qarabağ Respublikasının ayaqda olduğunu göstərən növbəti sübut” və “gözəl hadisə” adlandırıb.
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən Milli Məclisin deputatı Aydın Hüseynovun sözlərinə görə, Azərbaycan dövləti öz suverən ərazisində istədiyi abadlıq və quruculuq işlərini həyata keçirə bilər:
“Bu Azərbaycanın suveren hüququdur. Məlumdur ki, Xankəndi Azərbaycanın qədim, əzəli şəhəridir. Xankəndinin tarixi məlumdur. Adından da bəllidir ki, bu yaşayış məntəqəsi Qarabağ xanları tərəfindən salınıb. Ermənilərin isə Xankəndiyə gəlişinin tarixi də bəllidir. Onların Xankəndidə nə mədəni, nə də tarixi bir izləri var. Kökləri yoxdur.
Sadəcə olaraq həmin binanın sökülməsi ona görə qıcıqlandırır ki, abidə onlar üçün əziz məkana çevrilmişdi. Şeytan yuvası olaraq daim həmin binadan Azərbaycana qarşı illərlə terror, müharibə, iftira yağdırılırdı. Bu gün həmin binanın sökülməsi bu səbəbdən onları qıcıqlandırır”.
Deputat bildirib ki, Azərbaycan həmişə mədəni və tarixi irsə çox böyük hörmət ilə yanaşıb:
“Azərbaycan bütövlükdə beynəlxalq hüquqa hörmətlə yanaşan dövlətdir. Mədəni irs ilə bağlı onların deməyə heç vaxt sözü yoxdur. Ermənilər azərbaycanlıların həm Qərbi Azərbaycanda, həm də işğal etdikləri ərazilərimizdə mədəni irslərini dağıtdılar. Vandallıq etdilər. Məscidlərimizi təhqir etdilər. Ancaq Azərbaycan dövləti tarixi irsə hörmətlə yanaşır. Bu gün Bakı şəhərinin mərkəzində ermənilərin kilsəsinin olması, bu günə qədər qorunub saxlanılması bir daha azərbaycanlıların tarixi irsə, mədəniyyətə hörmətlə yanaşdığının nümunəsidir.
Xankəndidə həmin binanın uçurdulması erməniləri məhz şeytan yuvası dağıldığı üçün qıcıqlandırdı. Başqa səbəb yoxdur”, - deyə A.Hüseynov əlavə edib.
Nəzrin Vahid