Bakı Təşəbbüs Qrupu və Fransız Polineziyasının Tavini Huiraatira Partiyası arasında görüş keçirilib.
Oxu.Az xəbər verir ki, Bakı Təşəbbüs Qrupunun (BTQ) qərargahında BTQ və Fransız Polineziyasının Tavini Huiraatira Partiyası ilə görüş keçirilib.
Görüș zamanı tərəflər arasında əməkdaşlığın daha da inkișaf etdirilməsi, eləcə də müxtəlif sahələrdə praktik fəaliyyətin davam etdirilməsi yolları ətraflı müzakirə olunub. 30 aprel 2024-ci il tarixində BMT-nin Vyana ofisində keçirilmiş "Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri" adlı konfrans çərçivəsində tərəflər arasında imzalanan əməkdaşlıq memorandumunun əhəmiyyəti bir daha vurğulanaraq, müstəmləkəçiliyə qarşı mübarizədə Azərbaycanın rolu yüksək qiymətləndirilib.
Fransız Polineziyası nümayəndə heyəti dekolonizasiya prosesində ölkələrinə verdiyi dəstəyə görə Azərbaycana bir daha minnətdarlıq ifadə edib.
BTQ-nin Icraçı direktoru Abbas Abbasov təmsil etdiyi qurumun bundan sonra da müstəmləkəçilikdən azad olmaq istəyən xalqların ədalətli mübarizəsinə dəstək verəcəyini bildirib.
Daha çox foto burada: PhotoStock.az
Könül Cəfərli